PDF Oxu

Siyasət

  • 1 037

İranın Naxçıvana dron hücumları - ŞƏRH

image

5 mart tarixində İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına yönəlmiş dron hücumları həyata keçirildi. Hücum nəticəsində dronlardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Bu hadisə, dost və qardaş hesab etdiyimiz dövlətin arxadan vurduğu ciddi təxribat kimi qiymətləndirilir. Azərbaycanın ayrılmaz tərkib hissəsinə yönələn bu hərbi əməliyyat, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Mülki obyektlərin hədəf alınması, hətta bir anlıq belə izah tələb etməyəcək dərəcədə qəbuledilməzdir. Uşaq, qadın, yaşlı fərqi qoymadan mülki obyektlərə zərbə endirmək, yalnız qorxaqlığın və hərbi etikadan uzaq davranışın göstəricisidir. Bu, eyni zamanda iki ölkə arasında uzun illər ərzində qurulmuş etibar və dostluq münasibətlərinə açıq təhqirdir. Qeyd etmək lazımdır ki, bu xain təxribatlar 2021-ci il 15 iyunda Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini də gündəmə gətirir. Bəyannamənin tələbləri bir daha göstərir ki, iki qardaş ölkəyə qarşı hər hansı təxribat, təkcə bu ölkələrə deyil, həm də 40 milyonluq türk əhalisinə qarşı ciddi riskdir. İranın rəhbərləri bunu anlamalıdırlar ki, sərhədlərə yönələn hər bir təxribatın məsuliyyəti yalnız onların üzərindədir.

İranın həyata keçirdiyi bu hücumlar bir daha sübut etdi ki, qonşuluq və dostluq bəyanatları kağız üzərində qalırsa, əslində mövcud real siyasət fərqli istiqamət götürə bilər. Azərbaycan və Türkiyə isə strateji həmrəyliklərini qoruyur. Əgər İran tərəfindən ərazi hücumları davam edərsə və Türkiyənin əraziləri də zərbə altına düşərsə, Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan proseslərə qoşulmaq hüququnu öz üzərinə götürəcək. Eyni zamanda, Bakı Bəyannaməsi və Qars-Naxçıvan müqaviləsi də nəzərə alındıqda, Naxçıvanın müdafiəsi yalnız Azərbaycan üçün deyil, Türkiyə üçün də strateji məsuliyyətdir. Bu, təkcə hərbi əməkdaşlıq deyil, həm də bölgədə tarazlığın qorunması deməkdir. İranın hər hansı təxribatı yalnız özünü hədəfə qoymaq deməkdir, çünki Azərbaycanın və Türkiyənin təhlükəsizlik tədbirləri həm regional, həm də beynəlxalq səviyyədə ciddi nəticələr doğura bilər. Bu hücumlar eyni zamanda İranda yaşayan 40 milyonluq Azərbaycan türklərinin milli heysiyyətinə yönəlmiş təxribatdır. Tarix boyu azərbaycanlılara qarşı tətbiq olunan təzyiqlər, hüquqların məhdudlaşdırılması və diskriminasiya praktikaları bir daha xatırlanır. Soydaşlarımızın dinc yaşamaq hüququ və milli heysiyyəti bu cür addımlarla təhdid olunur. Azərbaycanın mövqeyi açıq və prinsipialdır: mülki obyektlərə qarşı hücum terror aktı kimi qiymətləndirilir və cavabsız qalmayacaq. Müdafiə Nazirliyinin rəsmi bəyanatı da bu hüququn qorunacağını təsdiqləyir. Dövlətimizin bu məsələdə mövqeyi həm sərhəd təhlükəsizliyi, həm də milli maraqlarımızın qorunması baxımından qətiyyətlidir. Bu hadisə həm də İran dövlətinin beynəlxalq münasibətlərdə nankorluğunu, riyakarlığını nümayiş etdirir. Dostluq və qonşuluq prinsiplərini özündə daşıyan bir dövlətin belə hərəkətləri, regionda gərginliyi artırmaqla yanaşı, həm də beynəlxalq arenada onun imicinə ciddi zərbə vurur. Nəticə olaraq, baş verən hadisələr göstərir ki, İran rejimi yalnız Azərbaycanla deyil, bütün qonşuları ilə münasibətlərini risk altında qoyur. Azərbaycan isə öz ərazi bütövlüyünü, xalqının təhlükəsizliyini qorumaq və regiondakı sabitliyi təmin etmək üçün hərəkət edir. Təxribatın məsuliyyəti tamamilə İranın üzərinə düşür və yaxın gələcəkdə Tehran hökumətinin bu məsuliyyəti anlaması və üzr istəməsi gözlənilir. Belə bir şəraitdə Azərbaycan həm milli, həm də regional maraqlarını qorumaq üçün hər bir addımı atmağa hazırdır.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər