PDF Oxu

Siyasət

  • 611

İran dron hücumuna görə üzr istəməlidir - ŞƏRH

image

Yaxın Şərqdə baş verən müharibənin dağıdıcı gücü genişləndikcə İran regionda gərginliyin yaradılması üçün təxribatçı əməllərinin miqyasını da artırır. İran əsasən qonşu dövlətləri, xüsusilə də müsəlman ölkələri hədəfə alır. Martın 5-də Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu da İranın regionda gərginliyin artırılmasına xidmət edən məkrli əməlidir. Naxçıvanın hava limanına və Babək rayonun Şəkərabad kəndinə edilən dron hücumuna görə, İran rəsmi şəkildə Azərbaycandan üzr istəməli və hücumu təşkil edənlər cəzalandırılmaldır. Əks halda İran ağır nəticələrlə üzləşəcək. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, İran bu cür təxribatçı əməlini törətməklə bizim gücümüzü sınağa çəkir. Lakin anlamır ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ermənistan ordusunu “Dəmir yumruq”la məhv etməklə gücümüzün nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Nəzərə almaq lazımdır ki, İran tərəfindən Naxçıvana edilən dron hücumu zamanı 4 nəfər müxtəlif dərəcə də xəsarətlər aldı. Onlar xəstəxana şəraitin də müalicə olunurlar. Təbii ki, yaralanan insanlar sağalacaqaqlar, lakin özünü müsəlman, qonşu dövlət kimi təqdim edən İranın terror aktı heç zaman unudulmayacaq. Haqlı olaraq Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvana dron hücumunu - şərəfsizlik adlandırdı və qeyd etdi ki, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar.

Prezident İlham Əliyev bildirdi ki, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib: “Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Prezident İlham Əliyev faktlara istinad etməklə bildirdi ki, İranın xain hücümu birinci dəfə deyil: “İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”.

Molla rejimi anormal və terrora əsaslanan siyasət yürüdür. Hədəfi də, daha çox İranda sayı 40 milyona çatan azərbaycanlılar və qonşuluğunda yerləşən Azərbaycan dövlətidir. İran rejimi 40 milyonluq azərbaycanlıların fundamental hüquq və azadlıqlardan məhrum edib. Azərbaycanlıların dil, mədəniyyət və kimlik hüquqları mövcud deyil. 40 milyonluq azərbaycanlıların bir məktəbi yoxdur. Azadlığı uğrunda ayağa qalxan azərbaycanlılar dərhal ya öldürülür, ya da zindanlara salınaraq orada çürüdülür. 2025-ci il dekabrın 28-dən başlayan kütləvi etiraz aksiyaları zamanı ən çox təqiblərə, təzyiq və təhdidlərə məruz qalan azərbaycanlılar oldular. Öz xalqının hüquqlarını müdafiə edən onlarla azərbaycanlı fəal müxtəlif ittihamlarla saxlanılıb, sorğu-suala çəkilib və cəzalandırılıb. Lakin hər cür total təzyiqlərə, hədələrə baxmayaraq güneyli soydaşlarımız öz dillərini və mədəniyyətlərini qoruyub, saxlamağı, inkişaf etdirməyi bacarırlar. Əminəm ki, bundan sonra azərbaycanlılar daha fəal və mütəşəkkil formada öz haqları uğrunda mübarizə aparacaqlar.

Eldar İbrahimov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Digər xəbərlər