9 mart Həsənağa Abdullazadənin doğum günüdür
Vətənin hər qarış torpağını canından əziz bilən, onun uğrunda şəhidlik zirvəsinə ucalan minlərlə qəhrəman oğullardan biri də Həsənağa Şakir oğlu Abdullazadədir. 9 mart 1993-cü ildə Lənkəran şəhərində andan olan bu igidimiz 27 yaşında tarix yazıb bu işıqlı dünyadan cismən getdi. Adı milyonların qəlbində yaşamaqla, özündən artıq sevdiyi Vətən səmasının parlaq günəşinə çevrildi. Gələn nəsillərə yadigar qoyduğu bir də 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları oldu.
Uşaqlıqdan Vətən üçün boy atan, torpağına göz dikən erməni dığalarının naqis əməllərinə dözməyən Həsənağa hərbiçi olmaq arzusuna düşür. Odur ki, səkkizinci sinifdən sonra Cəmşid Naxçivanski adına Hərbi Liseyinə daxil olur. Burada nizam-intizamı, iç dünyasından gələn oxuyub öyrənmək həvəsi Həsənağanı hamıya sevdirir. Vətəni necə sevmək, torpağı necə qorumaq həvəsi ilə 2010-cu ildə liseyini başa vurub Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Yeni təhsil ocağında Həsənağa üzərinə düşən bütün içləri vicdanla görür. Düşməndən öc alacağı günlərini düşünür və bu məqsədlə onun öyrənmək həvəsi, ağıllı hərəkətləri qürurverici məqamlardan xəbər verir. Nəticədə hamı ona hörmətlə yanaşır, seçdiyi hərbi sənətinə dərin marağını nəzərə alıb kursant Həsənağanı 2013-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalına layiq görürlər.
H. Abdullazadə 2014-cü ilin iyul ayında Ali Hərbi məktəbi yüksək səviyyədə başa vurur. Leytenant rütbəsini alır. Daha sonra bir il oxuduğu Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit kursunu da fərqlənmə ilə bitirir. Necə deyərlər, Vətənin müqəddəsliyinə tapınıb onun qeyrətini hər şeydən üstün tutan ordumuzun bir zabiti də artır.
Artıq Anamız Azərbaycanın qeyrət sahiblərindən biri olan Həsənağa Abdullazadə Gədəbəyin ən ucqar bölgəsi olan “Qoca Dağ” a yollanır. “Ölərəm, əldən əgər getsə Vətən”- deyib burada- ön xətdə motoatıcı taqım komandiri vəzifəsində hərbi xidmətə başlayır. Bir il sonra, yəni 2017-ci ildə bölük komandiri təyin edilir, ona baş leytenant rütbəsi verilir, “Azərbaycan Ordusunu 100 illiyi” yubiley medalı ilə təltif olunur, sertifikat, Fəxri Fərmanlara layiq görülür. Həsənağa İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmrinə əsasən Göygöl rayonundakı N saylı hərbi hissədə taborun qərargah rəisi vəzifəsinə göndərilir. Ən əsası hansı vəzifədə olmasına baxmayaraq, onun qəlbi Vətən, torpaq sevgisi ilə döyünür, bütün tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir. Həm də xoş ünsiyyəti, yüksək mədəniyyəti, işıqlı təfəkkürü onu zabitlərin, əsgərlərin sevimlisi edir...
Cəsur komandir H. Abbdulazadənin intizarla gözlədiyi İkinci Qarabağ müharibəsində şərəfli döyüş yolu Murovdan, Kəlbəcərdən, Ağdərədən keçir. Əzablı, ölümlü müharibə meydanlarda ona qol-qanad verən, qələbəyə doğru aparan doğa Azərbaycanına halal sevgisi, yağı düşmənə sonsuz nifrəti olur. O, həmişə cəsarətlə döyüşün önündə gedir, şəxsi şücaəti qeyrətli oğlanları hücuma səsləyir, nəticədə bir-birinin ardınca Vətən torpaqları erməni dığalardan təmizlənir. Düşmənə qan udduran igid komandır Murov yüksəkliyi uğrunda gedən savaşda ayağından ağır yaralanır. Qaldı ki, o, döyüşdən qalmır, Kəlbəcər uğrunda gedən müharibədə qızmış pələng kimi düşmənə qarşı ölüm-dirim mübarizəsinə girişir. Baş leytenant son damla qanına qədər vuruşub şəhidlik zirvəsinə ucalır. Beləcə, şəhidliyi Vətən sevgisindən başlanan Həsənağanın ömrü vətənləşir. Azərbaycan var olduqca, heç bir tufan Lənkəranın qəhrəman oğlunun adını ürəklərdən silib apara bilməz...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü