Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası müasir geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mötəbər platformada səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, milli təhlükəsizlik, regional sabitlik və beynəlxalq əməkdaşlıq məsələsidir.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Son illər dünyada baş verən siyasi qarşıdurmalar, enerji bazarlarında dalğalanmalar və təchizat zəncirində yaranan risklər göstərdi ki, enerji sahəsində qarşılıqlı etimad və koordinasiya olunmuş fəaliyyət alternativsizdir.
Cənub Qaz Dəhlizi artıq özünü etibarlı və davamlı enerji marşrutu kimi təsdiq edib. Bu təşəbbüs yalnız boru kəmərləri sistemi deyil, eyni zamanda siyasi dialoq platformasıdır. Burada iştirak edən ölkələr enerji təhlükəsizliyi məsələlərini açıq müzakirə edir, ortaq maraqları uzlaşdırır və gələcəyə dair strateji baxış formalaşdırırlar. Bu isə Avrasiyanın enerji xəritəsində Azərbaycanın rolunu daha da möhkəmləndirir.
Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin mühüm bir hissəsinin yaşıl gündəliklə bağlı olması isə Azərbaycanın uzunmüddətli strateji baxışının göstəricisidir. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, enerji siyasəti artıq yalnız karbohidrogen ehtiyatlarının hasilatı və ixracı ilə məhdudlaşmır. Dünya alternativ və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirir və Azərbaycan bu prosesin fəal iştirakçısıdır.
Ölkəmiz günəş və külək enerjisi potensialına görə regionun aparıcı dövlətlərindən biridir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın bu istiqamətdə qətiyyətli siyasətinin bariz nümunəsidir. Eyni zamanda Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması üzrə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişlənir.
Yaşıl Enerji Məşvərət Şurasının iclası göstərdi ki, Azərbaycan yalnız ənənəvi enerji təchizatçısı deyil, həm də Avropanın və regionun gələcək yaşıl enerji xəritəsində mühüm oyunçudur. Bu, ölkənin enerji diplomatiyasını yeni mərhələyə yüksəldir.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu da xüsusi vurğuladı. Ölkəmiz yalnız öz təbii qazını ixrac etmir, eyni zamanda digər mənbələrdən hasil olunan enerji resurslarının da təhlükəsiz və fasiləsiz şəkildə dünya bazarlarına çatdırılmasına şərait yaradır.
Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş infrastruktur layihələri və siyasi sabitliyi onu regionun əsas enerji qovşaqlarından birinə çevirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələrdən başlayaraq Cənub Qaz Dəhlizinədək uzanan strateji xətt göstərir ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş imicini qoruyur və möhkəmləndirir.
Bu gün Avropa üçün enerji təhlükəsizliyi məsələsi prioritetdir və Azərbaycan bu prosesdə real alternativ və sabit təchizatçı kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz həm Şərq, həm də Qərb üçün etibarlı körpü rolunu oynayır.
Bakıda keçirilən Məşvərət Şuralarının iclasları bir daha göstərdi ki, Azərbaycan regional təşəbbüslərin mərkəzində dayanır. Cənab Prezident İlham Əliyevin çıxışı isə enerji təhlükəsizliyi ilə yaşıl transformasiyanın vəhdət təşkil etdiyini nümayiş etdirdi.
Bir tərəfdən mövcud enerji marşrutlarının genişləndirilməsi və şaxələndirilməsi, digər tərəfdən isə bərpaolunan enerji layihələrinin sürətləndirilməsi Azərbaycanın strateji kursunun əsasını təşkil edir. Bu siyasət ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq üçün də möhkəm zəmin yaradır.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatının fəalı