PDF Oxu

Siyasət

  • 409

Naxçıvana hücum siyasi mesaj və terror məntiqidir - ŞƏRH

image

Regionda baş verən bəzi hadisələr var ki, onlara sadəcə “insident” demək gerçəkliyi kiçiltmək olar. Naxçıvan Muxtar Respublikasında baş verən son hadisə də məhz belə hallardandır. İran ərazisindən Naxçıvan istiqamətinə doğru buraxılan pilotsuz uçuş aparatlarının yaşayış məntəqələri yaxınlığına düşməsi, mülki şəxslərin xəsarət alması və dinc əhali arasında təşviş yaratması göstərdi ki, burada söhbət texniki səhvdən və ya təsadüfi sərhəd pozuntusundan getmir. Burada söhbət siyasi mahiyyət daşıyan, hüquqi nəticələr doğuran və psixoloji təsir hesablanmış bir hərəkətdən gedir. Naxçıvanda baş verənlərə yalnız hərbi və ya təhlükəsizlik prizmasından baxmaq kifayət etmir. Hadisə öz mahiyyətinə görə eyni zamanda dövlət suverenliyinə yönəlmiş təzyiq forması, regiondakı qüvvələr balansına verilmiş mesaj və mülki əhali üzərində qorxu yaratmağa hesablanmış bir terror üsuludur. Çünki, terrorun məntiqi yalnız insan itkisi ilə ölçülmür. Terrorun mahiyyəti həm də cəmiyyətdə vahimə yaratmaq, dövlətə siyasi xəbərdarlıq göndərmək və sabitliyi pozmaqdan ibarətdir. Naxçıvanda baş verən hücum da məhz bu üç elementi özündə birləşdirir. Burada ilk növbədə bir siyasi paradoks üzərində dayanmaq lazımdır. Azərbaycan regionda sabitliyin və diplomatik davranışın tərəfdarı kimi çıxış etdiyi halda, qarşı tərəfdən gələn addım yenə də təhdid, təzyiq və zor xarakteri daşıyır. Bu, təsadüfi detal deyil. Bu detal göstərir ki, bölgədə sülh dili ilə danışanla gərginlik dili ilə danışan tərəflər eyni siyasi niyyətə malik deyillər. Naxçıvanın seçilməsi də ayrıca şərh tələb edir. Çünki, Naxçıvan sıradan coğrafi ərazi deyil. Naxçıvan Azərbaycan dövlətçiliyinin həm geosiyasi, həm hərbi-strateji, həm də mənəvi baxımdan ən həssas nöqtələrindən biridir. Belə bir məkana yönələn hücum birbaşa mərkəzə verilən mesaj qədər təsirlidir. Yəni, burada hədəf yalnız konkret bir obyekt və ya ərazi deyildir. Hədəf eyni zamanda Azərbaycanın təhlükəsizliyi, onun sərhəd toxunulmazlığı və dövlət iradəsidir. Başqa sözlə, Naxçıvana yönələn zərbə əslində bütövlükdə Azərbaycan dövlətinə yönəlmiş siyasi siqnaldır. Bu hadisənin “terror aktı” kimi qiymətləndirilməsinin əsas səbəbi də məhz burada ortaya çıxır. Əgər hər hansı hücum dinc əhali arasında qorxu yaradırsa, mülki zonaların yaxınlığında baş verirsə, insanların həyat təhlükəsizliyini hədəfə alırsa və dövlətə təzyiq vasitəsinə çevrilirsə, bu artıq təkcə hərbi hərəkət deyil. Bu, terrorun funksional xüsusiyyətlərini daşıyan aktdır. Terroru yalnız qeyri-dövlət qruplarının fəaliyyəti kimi anlamaq artıq köhnə yanaşmadır. Müasir dövrdə dövlət davranışları da bəzən terror məntiqi ilə hərəkət edə bilir. Yəni, birbaşa döyüş meydanından çox, psixoloji sarsıntı, ictimai qorxu və siyasi məcburetmə yaratmağa yönəlir. Naxçıvanda baş verənlərə bu prizmadan baxıldıqda, hadisənin mahiyyəti daha aydın görünür. Hücumun hüquqi tərəfi də son dərəcə ağırdır. Beynəlxalq hüququn təməl prinsipi odur ki, dövlətlər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Başqa dövlətin ərazisinə yönələn zor tətbiqi istənilən halda hüquqi məsuliyyət doğurur. Burada bir mühüm məqamı ayrıca vurğulamaq lazımdır. İstifadə edilən vasitənin dron olması hadisənin hüquqi mahiyyətini dəyişmir. Dron müasir alətdir, amma məsuliyyət köhnədir. Yəni, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum da mahiyyət etibarilə güc tətbiqidir. Lakin bu hadisədə hüquqi pozuntudan da artıq bir məna var. Ən təhlükəli məqam odur ki, hücum mülki təhlükəsizlik zonaları ətrafında baş verir. Bu isə göstərir ki, hədəf yalnız hansısa obyekt deyil, eyni zamanda cəmiyyətin psixoloji dayanıqlığıdır. Mülki əhali arasında vahimə yaratmaq, gündəlik həyat ritmini pozmaq, insanlarda “təhlükə hər an gələ bilər” hissi formalaşdırmaq terror strategiyasının klassik elementləridir. Burada diqqət çəkən başqa bir məqam da İran rejiminin Azərbaycanla münasibətlərdə nümayiş etdirdiyi uzunmüddətli ziddiyyətli xəttdir. Bu rejim bir tərəfdən qonşuluq, dostluq, dini və tarixi yaxınlıq ritorikasından istifadə edir, digər tərəfdən isə siyasi davranışında açıq şəkildə təzyiq, şübhə, təhdid və düşmənçilik elementləri nümayiş etdirir. Bu ikili xətt artıq təsadüf yox, siyasət üslubudur. Naxçıvana yönələn hücum da həmin üslubun növbəti təzahürü kimi görünür. Məsələyə Cənubi Azərbaycan kontekstində baxanda isə mənzərə daha da aydınlaşır. İranda yaşayan milyonlarla azərbaycanlının uzun illərdir ana dili, milli kimlik, mədəni təmsilçilik və vətəndaş haqları baxımından ciddi məhdudiyyətlərlə üzləşdiyi məlumdur. Azərbaycanlı fəalların təqib olunması, milli tələblərin təhlükə kimi təqdim edilməsi, türk kimliyinə qarşı sistemli basqı siyasəti bu rejimin mahiyyətini ortaya qoyur. Yəni, Naxçıvana yönələn hücum Azərbaycan kimliyinə qarşı uzun müddətdir yürüdülən basqıçı düşüncənin sərhədlərdən kənara çıxmış davamı kimi də qəbul oluna bilər. Başqa sözlə, Cənubi Azərbaycanda hüquqları pozulan soydaşlarımıza qarşı münasibətlə Naxçıvanda dinc əhalinin təhlükəyə atılması arasında eyni siyasi təfəkkür dayanır: azərbaycanlı iradəsini zəiflətmək, qorxutmaq və susdurmaq. Ancaq burada mühüm bir fərq də var. Tarix göstərir ki, təzyiq siyasəti qısa müddətdə qorxu yaratsa da, uzun müddətdə əks nəticə verir. Hüquqları tapdanan cəmiyyətlər bir gün susqunluqdan çıxır, basqı altında saxlanılan kimliklər bir gün daha güclü şəkildə özünü ifadə edir, zorakılıq isə nəhayət onu tətbiq edənin siyasi mahiyyətini ifşa edir. Nəticə etibarilə, Naxçıvanda baş verənlərə “insident” demək azdır. Bu hadisə daha çox terror məntiqi ilə işləyən, siyasi təzyiq məqsədi daşıyan və regiondakı sabitliyi sarsıtmağa yönəlmiş təhlükəli akt kimi dəyərləndirilməlidir. Burada söhbət təkcə bir neçə uçuş aparatından getmir. Burada söhbət dövlət iradəsinin sınağa çəkilməsindən, cəmiyyətə qorxu mesajı verilməsindən və Azərbaycan əleyhinə düşmən xəttinin növbəti dəfə açıq müstəviyə çıxmasından gedir. Məhz buna görə də bu hadisəyə sərt, aydın və prinsipial siyasi-hüquqi qiymət verilməlidir.

Əziz QASIMOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədr müavini, Naxçıvan Dövlət Universitetinin müəllimi

Digər xəbərlər