PDF Oxu

Siyasət

  • 451

Cənub qaz dəhlizi və yaşıl gələcəyə doğru strateji yol - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası enerji sahəsində mühüm beynəlxalq dialoqun təcəssümünə çevrilmişdir. İclasın əsas müzakirə mövzuları enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və qlobal əməkdaşlıq idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında vurğuladı ki, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətində ardıcıl və strateji baxışının göstəricisidir. Bu layihənin başlanğıcı Azərbaycan tərəfindən qoyulsa da, Avropa və regional tərəfdaşların iştirakı ilə bu layihə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Əməkdaşlıq olmadan bu cür irimiqyaslı enerji təhlükəsizliyi layihələrinin reallaşmasının mümkün olmadığını vurğulayan ölkə başçısı, layihədə iştirak edən tərəfdaşların ortaq məqsəd uğrunda birləşdiyini bildirdi. Prezident cənab İlham Əliyevin çıxışında vurğuladığı mühüm məqam ondan ibarət idi ki, enerji təhlükəsizliyi artıq təkcə iqtisadi sahə deyil, ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib.

Çıxışda layihənin region üçün nə qədər önəmli olduğu və Azərbaycanın həm qaz istehsalçısı, həm də tranzit ölkə olması vurğulandı. Ölkə başçısı həmçinin layihənin Avropaya enerji çatdırmaq və ölkənin gəlirini artırmaq baxımından əhəmiyyətindən danışıb. Eyni zamanda enerji təhlükəsizliyi və gələcək üçün daha çevik enerji sistemləri qurulmasının vacibliyi ifadə olunub. Belə ki, layihə təkcə qaz kəməri deyil, həm də region ölkələri arasında əməkdaşlığı gücləndirən bir təşəbbüsdür.

Prezident cənab İlham Əliyevin nitqi layihənin uzunmüddətli əhəmiyyəti və Azərbaycanın beynəlxalq enerji bazarında rolu barədə aydın fikir verir. Bakıda keçirilən bu mühüm toplantı, qlobal enerji gündəminə töhfə verməklə yanaşı, Azərbaycanın bu prosesdə aparıcı rol oynadığını bir daha təsdiqlədi.

Son illərdə Azərbaycanın qaz tədarükündə böyük irəliləyişlər əldə olunub. Regionda bir çox çətinliklərin olmasına baxmayaraq, Azərbaycan qaz sahəsindəki təhlükəsizliyi təmin etməyi bacarıb. Qazın çatdırıldığı ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi Azərbaycanın bu sahədə lider olduğunu göstərir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yer tutduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, qazın artıq Avropadan kənara da çıxması bu layihənin sadəcə regional deyil, qlobal miqyasda əhəmiyyətini göstərir.

Azərbaycan Prezidenti öz nitqində həmçinin vurğuladı ki, biz Avropanın enerji bazarında mühüm yer tutmaq və qaz ixracını maksimum artırmaq istəyirik. Eyni zamanda hamımız istəyirik ki, planetimiz həm təhlükəsiz, həm də təmiz qalsın.

Qeyd etmək lazımdır ki, enerji məsələsi geosiyasi və ekoloji faktor kimi qiymətləndirilir. Bu kontekstdə Cənub Qaz Dəhlizi regionun enerji xəritəsini dəyişən strateji təşəbbüslərdən biri hesab olunur. Layihə ilk növbədə Azərbaycanın enerji sistemində mövqeyini dəyişdirərək, onu həm istehsalçı, həm də tranzit ölkə kimi ön plana çıxarır.

Azərbaycanın qaz ehtiyatlarının beynəlxalq bazara çıxarılması ilə ölkə tədricən regionda həm enerji istehsalçısı, həm də Avropanın enerji təhlükəsizliyinin güclənməsinə töhfə verir. Eyni zamanda bu layihə Azərbaycanın tranzit ölkə olaraq enerji sistemində və beynəlxalq nəqliyyat marşrutlarında rolunu daha da gücləndirir. Layihə vasitəsilə təbii qaz Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır və bu marşrut Xəzər regionu ilə Avropa enerji bazarı arasında yeni enerji körpüsü yaradır.

Cənub Qaz Dəhlizi layihəsi yalnız qaz nəqli ilə məhdudlaşmır. Əslində layihə enerji marşrutlarının şaxələndirilməsi prinsipinin praktiki nümunəsidir. Bu layihə enerji təhlükəsizliyi baxımından yeni enerji dəhlizlərinin yaradılması ilə paralel olaraq enerji sistemində balansın qorunmasının vacibliyini önə çıxarır. Digər tərəfdən layihə regionda Azərbaycanın rolunun güclənməsinə təsir göstərmişdir. Azərbaycan təkcə qaz istehsal edən ölkə deyil, həm də müxtəlif enerji və nəqliyyat marşrutlarının keçdiyi mühüm regional mərkəzdir. Enerji infrastrukturu vasitəsilə Azərbaycan region ölkələri ilə daha sıx iqtisadi əlaqələr qurur. Bu isə ölkənin uzunmüddətli əməkdaşlıq üçün müəyyən sabitliyi formalaşdırır.

Yaşıl enerji məsələsi Məşvərət Şurası çərçivəsində müzakirə olunan mühüm məsələlərdən idi. Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanın yaşıl enerji sahəsində hədəfləri çox geniş və əhatəlidir. Aparılan müzakirələr zamanı müxtəlif enerji siyasətlərinin həyata keçirilməsinin zəruriliyi qeyd olundu. Bu proses ilk baxışda qaz layihələrinin əhəmiyyətini azalması kimi görünə bilər. Lakin təbii qaz bu prosesdə nisbətən təmiz enerji mənbəyi kimi qiymətləndirilir. Təbii qaz müəyyən mənada “keçid enerjisi” rolunu oynadığına görə kömür və digər daha çirkləndirici enerji mənbələri ilə müqayisədə atmosferə yayılan karbon qazının miqdarını minimuma endirə bilər. Buna görə də bəzi ölkələr üçün bərpa olunan enerjiyə keçid mərhələsində mühüm enerji mənbəyi kimi istifadə olunur.

Bu baxımdan da Cənub Qaz Dəhlizi layihəsi enerji keçidi dövründə ətraf mühitə zərər verən, iqlimə mənfi təsir edən zərərli qazların miqdarını azaldılmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi həm mövcud enerji ehtiyaclarının qarşılanmasına kömək edir, həm də gələcəkdə enerji sistemlərinin inkişafı üçün müəyyən imkanlar yaradır. Enerji infrastrukturu yalnız qaz nəqli üçün deyil, potensial olaraq hidrogen və ya digər alternativ enerji resurslarının daşınması üçün də istifadə oluna bilər. Bu cür yanaşma Cənub Qaz Dəhlizi layihəsini uzunmüddətli strateji əhəmiyyətini daha aydın şəkildə ortaya qoyur.

Nəticə etibarilə, Cənub Qaz Dəhlizi sadəcə bir boru kəməri sistemi deyil, bütövlükdə regionun geosiyasi dinamikasına, enerji təhlükəsizliyinə və qlobal enerji keçidi prosesinə təsir edən kompleks enerji layihəsi kimi qiymətləndirilir. Azərbaycanın isə bu layihədə həm istehsalçı, həm də tranzit ölkə kimi iştirakı ölkənin beynəlxalq enerji sistemində mövqeyini daha da möhkəmləndirir.

Beləliklə, Cənub Qaz Dəhlizi həm strateji baxımdan uğurlu, həm də gündəlik həyatımızda hiss olunan real nailiyyətlər yaradan bir layihədir. Ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş və enerji sahəsindəki lider mövqeyini möhkəmləndirməyə davam edir.

Məhsəti Məmmədova

YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər