Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclasları göstərdi ki, Azərbaycan artıq təkcə enerji ehtiyatlarına malik ölkə deyil. Ölkə eyni zamanda regional və qlobal enerji gündəliyinin formalaşmasında mühüm rol oynayan aktora çevrilib.
Tədbirdə çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev son illərdə əldə olunan nailiyyətləri sadalamaqla kifayətlənməyərək, dəyişən qlobal enerji sistemində Azərbaycanın yerini geniş və strateji baxışla təqdim etdi. Cənub Qaz Dəhlizi artıq on ildən çoxdur ki, Avrasiya enerji xəritəsinin əsas sütunlarından biri sayılır. Lakin builki toplantı əvvəlkilərdən fərqli bir şəraitdə keçirildi. Dünyada geosiyasi qarşıdurmaların artması, enerji bazarlarında qeyri-sabitliyin güclənməsi və enerji tələbatının yüksəlməsi yeni reallıq formalaşdırıb. Cənab Prezident çıxışında bu məqamı xatırladaraq qeyd etdi: “Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq.” Bu fikir yalnız vəziyyətin təsviri deyil, həm də mühüm siyasi mesaj idi: mürəkkəb dövrdə etibarlı tərəfdaş olmaq ən böyük üstünlükdür.
Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir və bu göstərici ölkəni boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz çatdıran əsas təchizatçılardan birinə çevirib. Bu nəticə yalnız iqtisadi uğur deyil, eyni zamanda diplomatik nailiyyət kimi də qiymətləndirilir. Azərbaycan qazının ilk dəfə Suriyaya çatdırılması xüsusi diqqət doğurur. Bu addım göstərir ki, enerji ixracı artıq yalnız kommersiya çərçivəsində deyil, həm də regional sabitlik və sosial inkişaf baxımından əhəmiyyət daşıyır. Dövlət başçısının sözləri ilə desək: “Elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil.” 1,5 milyard kubmetr qaz tədarükü ilə Azərbaycan Yaxın Şərqdə enerji təhlükəsizliyinin güclənməsinə töhfə verir. Eyni zamanda Almaniya və Avstriya kimi sənaye baxımından güclü ölkələrə ixracın başlanması Azərbaycanın Avropa enerji bazarında mövqelərinin daha da möhkəmləndiyini göstərir.
Bununla yanaşı, enerji ixracının artmasının müəyyən məhdudiyyətləri də mövcuddur. Dövlət başçısı bu barədə açıq şəkildə bildirərək vurğuladı: “Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq.” Bu fikir göstərir ki, növbəti mərhələdə əsas diqqət yeni infrastruktur layihələrinin inkişafına yönələcək. Yaxın illərdə Azəri-Çıraq-Günəşli yataqlarının dərin qaz laylarının işlənməsi, Abşeron qaz yatağı və Ümid qaz yatağı kimi yataqların inkişafı, eləcə də Şahdəniz qaz yatağınin növbəti mərhələsinin həyata keçirilməsi ölkənin enerji hasilatını daha da genişləndirəcək. Gözlənilir ki, əlavə 10–15 milyard kubmetr qaz hasilatı Azərbaycanın ixrac imkanlarını artıracaq. Bu artım daxili iqtisadiyyat üçün də mühüm əhəmiyyət daşıyır. Çünki qaz yalnız ixrac üçün deyil, eyni zamanda sənayeləşmə prosesinin və ölkənin enerji balansının əsas komponentlərindən biridir.
Son illərdə qlobal enerji gündəliyində bərpaolunan enerji mənbələri xüsusi yer tutur. Azərbaycan da bu sahədə konkret layihələr həyata keçirir. 240 meqavat gücündə külək elektrik stansiyası və 230 meqavat gücündə günəş elektrik stansiyası artıq reallaşmış layihələrdir. Cənab Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək vurğuladı: “Bunlar sadəcə anlaşma memorandumları deyil, real müqavilələrdir.” 2032-ci ilə qədər 6–8 giqavat həcmində alternativ enerji istehsalının planlaşdırılması yalnız daxili tələbatın ödənilməsini deyil, həm də gələcəkdə enerji ixracını nəzərdə tutur. Qara dənizin dibi ilə Avropaya çəkilməsi planlaşdırılan enerji kabeli və Mərkəzi Asiya ilə enerji bağlantıları Azərbaycanın tranzit rolunu yeni mərhələyə çıxarır.
Cənab Prezident eyni zamanda enerji keçidi məsələsində ideoloji yanaşmadan daha çox realist mövqenin vacibliyini qeyd etdi: “Biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm və realizm baxımından yanaşmalıyıq.”Azərbaycan artıq yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq enerji layihələrinə sərmayə yatıran investor dövlət kimi çıxış edir. Türkiyədə böyük elektrik stansiyasının alınması, Serbiyada yeni layihələrin həyata keçirilməsi və İtaliyada neftayırma müəssisələrinin əldə olunması bu strategiyanın tərkib hissəsidir. Bu yanaşma göstərir ki, enerji təhlükəsizliyi yalnız hasilatla deyil, həm də istehsal, emal və paylama zəncirinin bütün mərhələlərində iştirak etməklə təmin olunur. Martın 3-də Bakıda verilən mesaj olduqca aydındır: enerji siyasəti emosiyalar əsasında deyil, strateji hesablanmış qərarlar üzərində qurulur. Azərbaycan bir tərəfdən zəngin qaz ehtiyatlarına əsaslanır, digər tərəfdən isə yaşıl enerji sahəsinə böyük sərmayələr yönəldir. Ölkə həm Avropa bazarında mövqelərini genişləndirir, həm də Yaxın Şərq istiqamətində yeni enerji əməkdaşlıqları durur.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı