Cari ilin 3 mart tarixində Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılış mərasimi olub. Yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi tədbirə 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Bu tədbirin 2015-ci ildən Bakıda keçirilməsi Azərbaycanın iqtisadi nüfuzunun və enerji siyasətinin üstün pillədə olmasının göstəricisidir.
Müasir dövrdə qlobal enerji təhlükəsizliyi məsələləri dövlətlər arasında əməkdaşlığın və qarşılıqlı dialoqun daha da gücləndirilməsini tələb edir. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı regionun enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və yaşıl enerji gündəliyinin əhəmiyyəti baxımından mühüm mesajlar ehtiva edir. Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır ki, ölkələrin və beynəlxalq tərəfdaşların bir araya gələrək mühüm enerji məsələlərini müzakirə etməsi böyük əhəmiyyət daşıyır. Xüsusi ilə son illərdə dünyada baş verən geosiyasi və iqtisadi dəyişikliklər göstərir ki, enerji təhlükəsizliyi yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Bu baxımdan belə platformalar qarşılıqlı anlaşmanı gücləndirir, ortaq həll yollarının tapılmasına şərait yaradır və enerji bazarında sabitliyin qorunmasına xidmət edir.
Son 12 ildə Azərbaycan və onun tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasının reallığa çevrildiyini qeyd edən dövlət başçısı bildirib ki, hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb və bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Prezident İlham Əliyev bildirib ki, qaz təchizatının coğrafiyası genişləndirilərək artıq Avropa hüdudlarından kənara çıxmış və Suriyaya qaz tədarükünə başlamışıq. Suriyaya tədarük edilən Azərbaycan qazının həcmi 1,5 milyard kubmetr təşkil edir. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Artıq Avropanın daha iki ölkəsi – Almaniya və Avstriya da daxil olmaqla hazırda Avropa İttifaqının 10 üzv dövlətinə Azərbaycan qazının tədarük edildiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev nəzərə çatdırıb ki, hasilat həcmlərinin artırılması və ixracın maksimum səviyyəyə çatdırılması üçün bazarda mövcud tələbat və qlobal vəziyyət nəzərə alınaraq qaz nəqli infrastrukturlarının genişləndirilməsi və əlavə interkonnektor imkanları araşdırılır.
Cənab Prezidentin çıxışı zamanı diqqət çəkən əsas məqamlardan biri də Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlər arasında yaşıl enerji gündəliyinin mühüm yer tutmasıdır. Müasir dövrdə iqlim dəyişiklikləri və ekoloji problemlər enerji siyasətində yeni yanaşmalar tələb edir. Azərbaycan da bu prosesdə fəal iştirak edərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Günəş, külək və digər alternativ enerji layihələri ölkənin enerji strategiyasında getdikcə daha böyük rol oynayır. Bu isə həm ekoloji tarazlığın qorunmasına, həm də dayanıqlı enerji sisteminin formalaşmasına töhfə verir.
Azərbaycanın alternativ enerji sahəsində həyata keçirdiyi və artıq imzalanmış müqavilərə əsaslanaraq planlaşdırdığı layihələrdən bəhs edən Prezident İlham Əliyev bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında imzalanmış bir çox sahələri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasından sonra sözügedən layihələr üzərində işlər aparılır. Ermənistanın işğalından azad edilmiş ərazilərdə potensial və ucuz enerji verəcək hidroelektrik stansiyaları layihələri icra olunur.
Prezident İlham Əliyevin çıxışında vurğulanan digər mühüm məqam Azərbaycanın enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi kimi rolu ilə bağlıdır. Azərbaycan uzun illərdir ki, regionun enerji xəritəsində mühüm mövqeyə malikdir və müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsində fəal iştirak edir. Ölkənin coğrafi mövqeyi və inkişaf etmiş enerji infrastrukturu Azərbaycanı Avropa ilə digər regionlar arasında mühüm enerji körpüsünə çevirir. Bu amil Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artırmaqla yanaşı regional enerji təhlükəsizliyinə də önəmli töhfə verir.
Azərbaycan Qazaxıstan və Türkmənistan üçün neftin tranzitini təmin edir və nəql olunan neftin həcmi ildən-ilə artır. Türkiyədə 870 meqavat gücə malik ən böyük elektrik stansiyalarından birini əldə etdiyimizi, Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzaladığımızı diqqətə çatdıran ölkə Prezidenti Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin öz sərhədlərimiz və Cənub Qaz Dəhlizi ilə məhdudlaşmadığını bildirib və əlavə edib ki, bizim üçün mühüm nailiyyətlərdən biri də İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunmasıdır. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir.
Nəticə etibarı ilə bu tip tədbirlər və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi və yaşıl enerji siyasəti müasir dövrün əsas prioritetlərindən biridir. Azərbaycan həm enerji istehsalçısı, həm də etibarlı tranzit ölkə kimi bu prosesdə önəmli rol oynayaraq regional və qloba enerji sabitliyinin təmin olunmasına öz töhfəsini verməkdə davam edir.
Günay Məmmədli
YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA)
ünvanı üzrə ərazi partiya təşkilatının sədri