"Qardaş Türkiyə ilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq və həmrəylik dünyada nadir bir nümunədir. Başqa heç bir yerdə belə bir dostluq, əməkdaşlıq və həmrəylik yoxdur. Mustafa Kamal Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir". Naxçıvana atılan raketləri biz Türkiyəyə atılmış hesab edirik. Türkiyəyə atılan raketləri isə Azərbaycana atılmış hesab edirik. Bu raket hücumlarından sonra iki ölkənin prezidentləri, xarici işlər nazirləri və müdafiə nazirləri arasında baş tutan telefon danışıqları da bunu açıq şəkildə göstərir".Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.Onun sözlərinə görə,15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi artıq iki qardaş ölkəni daha da sıx bağlamış və onları strateji müttəfiqə çevirmişdir: "Prezidentlər arasındakı münasibətlər cəmiyyətin bütün təbəqələrinə də öz təsirini göstərir. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bölgədə sabitliyin və sülhün bərqərar olmasını, müharibənin isə mümkün qədər tez dayandırılmasını arzulayır. O, gün ərzində müxtəlif dövlət rəhbərləri ilə danışıqlar apararaq atəşkəsin əldə olunması üçün səylər göstərir.Eyni şəkildə, Azərbaycan Prezidenti İlham Əliyev də bu müharibənin tezliklə dayandırılmasını istəyir.Bu müharibə həm Azərbaycanın, həm də Türkiyənin qonşuluğunda baş verir. Başqa sözlə, müharibə alovu bizim qapımıza çox yaxındır. İran xalqı isə dost xalqdır və orada 35 milyondan çox azərbaycanlı türk yaşayır. Təəssüf ki, bu müharibədə günahsız insanlar həyatını itirir.Əslində, bu müharibə beynəlxalq humanitar hüququn pozulmasıdır. Burada insanlığa qarşı cinayətlər törədilir. Hüququn üstünlüyü deyil, gücün üstünlüyü tətbiq olunur ki, bu da dünyadakı mövcud nizamın sarsılması deməkdir.Bizim arzumuz müharibənin tezliklə bitməsi və diplomatiyaya imkan verilməsidir".
Müəllif: Günel Fərzəliyeva