Martın 11-də Azərbaycan Respublikası Milli Məclisi yanında fəaliyyət göstərən Toponimiya Komissiyasının iclası keçirilib. İclasda ölkənin toponim xəritəsində mühüm dəyişikliklərə səbəb ola biləcək məsələlər müzakirə olunub.Müzakirələr əsasən Quba rayonunun bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı olub. Komissiyanın gündəliyinə çıxarılan təkliflərə əsasən, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibində yerləşən Vladimirovka yaşayış məntəqəsinin adının Elbir, Alekseyevka kənd inzibati ərazi dairəsinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin Çinarlı, eyni dairədə yerləşən Timiryazev yaşayış məntəqəsinin isə Bəhrəli kəndi adlandırılması təklif edilib.
SİA xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova qeyd edib ki, müzakirə olunan məsələlər ilk baxışda sadə ad dəyişiklikləri kimi görünsə də, əslində milli yaddaş və tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycanın müxtəlif bölgələrində başqa imperiyaların siyasi və ideoloji izlərini daşıyan toponimlər mövcud olub və bu adların dəyişdirilməsi ölkənin öz tarixi yaddaşına qayıdışının mühüm mərhələsidir.
“Vladimirovka, Alekseyevka, Timiryazev kimi adlar Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyası ilə bağlı olmayan, daha çox çar və sovet dövrünün yadigarlarıdır. Bu gün müstəqil Azərbaycan həmin adların yerinə torpağımızın ruhuna uyğun, tariximizə və təbiətimizə bağlı adların qaytarılması istiqamətində addımlar atır”, – deyə millət vəkili qeyd edib.
E.Akimova bildirib ki, rus mənşəli və imperiya dövrünü xatırladan toponimlərdən imtina etmək heç bir xalqa qarşı yönəlmiş addım deyil, bu, sadəcə Azərbaycanın öz milli yaddaşına sahib çıxmasıdır. Onun sözlərinə görə, ölkənin hər kəndi, hər dağı və hər çayı xalqın tarixini, dilini və ruhunu əks etdirən adları daşımalıdır.
Deputat Elbir, Çinarlı və Bəhrəli kimi adların məhz bu torpağın nəfəsini və milli kimliyini ifadə etdiyini bildirib. O, həmçinin vurğulayıb ki, toponimlərin milliləşdirilməsi istiqamətində atılan addımlar dövlətin öz tarixi və mədəni irsinə münasibətinin göstəricisidir:
“Çünki müstəqil dövlət olmaq yalnız sərhədləri qorumaq deyil. Müstəqillik həm də öz tarixini, öz adlarını və vətəndaşlarının ləyaqətli həyatını qorumaq deməkdir”.
Toponimiya Komissiyasında müzakirə olunan təkliflərin növbəti mərhələdə aidiyyəti prosedurlardan keçərək rəsmiləşdirilməsi gözlənilir. Bu qərar qəbul olunacağı təqdirdə Azərbaycanın toponim xəritəsində daha üç yaşayış məntəqəsi milli ruhu əks etdirən adlarla tanınacaq.