PDF Oxu

Siyasət

  • 714

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası: nələr dəyişir?

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq olunması barədə Sərəncam imzalayıb.

Qanun 2 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunub və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb.

Naxçıvan Muxtar Respublikasının hazırkı Konstitusiyası 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilib və 29 dekabr 1998-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ümumilikdə 20-yə yaxın maddədə müvafiq dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında bağlanan Moskva və Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqavilələrinə istinad mətni preambuladan çıxarılıb.

Qanuna əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə-maddə 3-1- “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” və maddə 28-1- “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması” əlavə edilir, 5- ci maddə- “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” ləğv olunur.

Konstitusiyaya əlavə edilən 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

28-1-ci maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.

Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 13, hissə II).

Sənəddə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).

Dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbini də aradan qaldıracaq (maddə 29, hissə II).

Digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).

Bundan əlavə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).

Həmçinin qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikasının Konstitisiyasına edilən dəyişikliklər muxtar respublikada qanunvericilik sistemini daha da təkmilləşdirmək, idarəetmə sistemini müasir tələblərə uyğunlaşdırmaq, səlahiyyət bölgüsünü daha dəqiq məyyən etmək və dövlət idarəçiliyində çevikliyi artırmaq məqsədinə xidmət edir.

Mətanət Məmmədova

Digər xəbərlər