PDF Oxu

Siyasət

  • 884

Azərbaycan dünyada bir nömrəli ölkədir

image

“Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”. Bu fikirləri dövlətimizin başçısı İlham Əliyev martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Vurğulanıb ki, həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.

Dövlətimizin başçısı onu da qeyd edib ki, bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.

Təmiz dünya naminə enerji istehsalına gəlincə, dövlət başçısı enerji sahəsində əməkdaşlığımızın digər istiqamətinin bərpaolunan enerji ilə bağlı olduğunu, bunun üçün böyük potensiala malik olduğumuzu vurğulayıb: Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq. Bu gün gəldiyiniz zaman hər ikimiz Bakıda çox günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, düşünürəm ki, bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var.

Mətanət Məmmədova

Digər xəbərlər