PDF Oxu

Siyasət

  • 1 620

Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı yeni mərhələyə daxil olub

image

Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da daxil olmaqla, beynəlxalq hüquqa söykənərək qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında əməkdaşlıq üzrə uğurla inkişaf edir. Tərəflər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradaraq yenilənmiş Azərbaycan-Aİ tərəfdaşlıq prioritetlərinin qəbul edilməsi, ikitərəfli gündəliyi daha da zənginləşdirmək üçün güclü iradə nümayiş etdirirlər.

Martın 11-də ölkəmizdə ilk dəfə səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə apardığı səmərəli müzakirələr bu baxımdan ikitərəfli təmasların inkişafında yeni səhifə hesab edilir. Prezident Antonio Koşta və Prezident İlham Əliyevin mətbuata bəyanatları isə müasir geosiyasi proseslər fonunda bir neçə konteksdən dəyərləndirilə bilər.
İlk növbədə, bu səfər uğurla inkişaf edən Aİ-Azərbaycan əlaqələrinin daha da irəliyə aparılmasında mühüm rol oyanacaq, enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə münasibətlərin və möhkəm siyasi dialoqun praktiki inkişafına töhfə verəcək. Cənab Prezidentin bəyan etdiyi kimi, mövcud iqtisadi göstəricilər tərəflər arasında yaxın əlaqələrin dinamikasını əks etdirir. Azərbaycanın hazırda əmtəə dövriyyəsinin 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşür ki, bu da Aİ-nin bir nömrəli ticari tərəfdaş olduğunu təsdiqləyir.
Aİ və Azərbaycan arasında əməkdaşlığın gündəliyi olduqca geniş və konkretdir, tərəflər yeni layihələr və investisiya imkanlarını səfərbər etməklə, müştərək sərmayə platformasını möhkəmləndirməkdə qərarlıdır. Azərbaycan özü iri səhmdar kimi Avropada fəal sərmayə yatırımlarını artırır, eləcə də qarşı tərəfin bu istiqamətdə təşəbbüskarlığı nəzərdə tutulur.
Enerji amili Aİ-yə üzv ölkələrlə sıx münasibətlərin güclənməsinə töhfə verməklə siyasi-iqtisadi əməkdaşlığın diversifikasıyasını da təmin edir, dayanıqlı etimad platformasını formalaşdırır. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu sahədə hüquqi təminat baxımından baza rolunu oynayır.
Dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli dövlət statusu qazanmış Azərbaycan Avropa bazarını artım potensialına malik region kimi müəyyənləşdirməklə genişlənən nəql imkanları fonunda Cənub Qaz Dəhlizinin ixrac qabiliyyətini də gücləndirmək niyyətindədir. Hazırda 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə qaz nəql edən ölkəmiz bu yüksək etimad və mühüm tərəfdaşlığa görə, Avropa Komissiyası tərəfindən Pan-Avropa enerji təminatçısı kimi qəbul edilir. Növbəti iki-üç il ərzində əlavə olaraq 10 milyard kubmetr qaz nəqlinin planlaşdırılması Aİ ilə birgə ixrac infrastrukturlarının daha dayanıqlı vəziyyətdə saxlanılmasını labüd edir ki, Antonio Koştanın səfəri zamanı bu hədəf prioritetinə diqqət çəkilib.
İkitərəfli əlaqələrin digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, bu resurs portfelində də Azərbaycan əsas təminatçı qismində çıxış etməkdədir. Ölkəmizin külək, günəş və su elektrik enerjisi üzrə istehsal güclərinin artması və “yaşıl enerji”yə yatırılan davamlı sərmayə qoyuluşları 5-6 il ərzində Azərbaycanın ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjinin Avropaya istiqamətlənməsini də təmin etməyə imkan verəcək. Hazırda Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun qurulması da bu ortamüddətli hədəfə nail olmağa hesablanıb.
Azərbaycan nəqliyyat və logistika zəncirlərini əlaqələndirməklə Asiya-Avropa kommunikasiya habını da formalaşdıran təşəbbüskar və məsuliyyətli dövlət kimi tanınır. Orta Dəhlizin qlobal nəqliyyat arteriyasına çevrilməsində bütün tərəflərlə koordinasiyalı şəkildə işləyir, o cümlədən Ermənistanla paraflanmış sülh sazişinə nail olunduqdan sonra daşımaların coğrafi hüdudlarını şaxələndirərək tranzit gündəliyini genişləndirib. Bu dəhliz Cənubi Qafqazda etimad arxitekturası üzərində yeni imkanların açılmasını təşviq edir, digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə qapı açır. Nəticədə nəqliyyat bağlantıları həm də sülh bağlantıları üçün dərin zəminlər yaradır.
Hazırda dünyada siyasi risk və gərginliklərin artdığı vaxtda, Azərbaycan və Ermənistan siyasi iradə və sülhə sadiqliyini nümayiş etdirməklə, dövlətlərin və xalqların həyatında barışığının nə dərəcədə vacib olduğunu anlatmağa çalışır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, sülhdən yaxşı heç nə ola bilməz: “İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir”.
Avropa İttifaqı inkişaf edən Cənubi Qafqazın lideri olan Azərbaycanın Ermənistana humanitar qapı açmasını, regional layihələrə qoşmasını alqışlayır, münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirir. Aİ Şurasının Prezidenti iki ölkənin dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini tam dəstəklədiyini bir daha təsdiqləyib.
Avropa İttifaqı, eyni zamanda, Azərbaycanla təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair yeni çərçivə üzərində işləyir. Bu, gələcəyə birgə baxışa dair güclü siqnal verir. Tərəflər üçün prioritet sahələrdən olan müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi də mühüm mesajlardan biri kimi diqqətdədir.
Aİ Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə də hazırdır. Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycanın Naxçıvanda dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin “TRIPP”-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha bəyan etməklə yüksəksəviyyəli təmasların yaradılmasında maraqlı tərəf olduğunu göstərir.
Azərbaycan Cənubi Qafqazdakı sabitlik və inkişafın təminatçısı olmaqla yanaşı, digər regionlar üçün də əhəmiyyətli aktordur. Antonio Koştanın diqqətə çatdırdığı kimi, İranda və Yaxın Şərqdə baş verən təhlükəli hərbi eskalasiya fonunda Azərbaycan humanitar körpüyə çevrilib və bölgədəki gərginliyi azaltmaq və vətəndaşları qorumaq üçün birgə dialoq və diplomatiya işində ölkəmizlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər