"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi əslində gözlənilən idi. Çünki regionda baş verən bir çox siyasi və geosiyasi proseslər müəyyən dəyişikliklərə səbəb olub".Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.Turan Rzayev sözlərinə belə davam edib: "Bu proseslər isə öz növbəsində Naxçıvan Muxtar Respublikasının dövlət idarəçiliyi və hüquqi statusu ilə bağlı bəzi məsələlərdə yenilənmələrə ehtiyac yaradır.Yəni regionda baş verən dəyişikliklər fonunda Naxçıvanın idarəetmə mexanizmlərində və hüquqi çərçivəsində müəyyən düzəlişlərin edilməsi təbii və gözlənilən haldır. Bu istiqamətdə artıq bəzi addımların atıldığını da görürük.
Məsələn, Naxçıvanla bağlı bəzi səlahiyyətlərin birbaşa İlham Əliyev tərəfindən təyin olunan xüsusi nümayəndəlik institutu vasitəsilə idarə olunması bunun göstəricilərindən biridir. Bu isə həmin ərazidə idarəetmə mexanizminin daha effektiv qurulmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər.Hesab edirəm ki, gələcəkdə Naxçıvanda daha çox yeniliklərin şahidi olacağıq. Qeyd olunan dəyişikliklər, mənim fikrimcə, sadəcə kiçik və gözlənilən yeniliklərdir. Gələcək perspektivdə daha ciddi və fərqli islahatların həyata keçirilməsi mümkündür.Hətta ehtimal olunur ki, uzunmüddətli perspektivdə Naxçıvanın muxtar respublika statusu ilə bağlı məsələlər də yenidən müzakirə oluna bilər. Lakin bu barədə indidən qəti fikir söyləmək bir qədər tezdir".
Müəllif: Günel Fərzəliyeva