11 mart 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və mətbuata verilən birgə bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin strateji mahiyyətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq müxtəlif sahələrdə intensiv şəkildə inkişaf edir və tərəflər artıq müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədirlər.
Bu bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini ifadə edən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Çünki son illər ərzində tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və regional sabitlik sahələrində əlaqələr əhəmiyyətli dərəcədə genişlənmişdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uzun illərdir ki, qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsipləri üzərində qurulub. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin artması siyasi dialoqun daha da güclənməsinə səbəb olub. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri də məhz bu intensiv siyasi əlaqələrin bariz nümunəsidir.
Bu səfər çərçivəsində aparılan müzakirələr iki tərəf arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına böyük önəm verir və bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında daha da genişlənir.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi münasibətlər də dinamik inkişaf edir. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mühüm yer tutur. Azərbaycanın xarici ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz Avropa ölkələrinin payına düşür.
Avropa bazarı Azərbaycan üçün həm enerji ixracı, həm də qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Avropa şirkətləri Azərbaycanın müxtəlif iqtisadi layihələrində fəal iştirak edir. Bu əməkdaşlıq ölkənin iqtisadi modernləşməsi və investisiya mühitinin gücləndirilməsi üçün də mühüm rol oynayır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Bu kontekstdə xüsusilə Cənub Qaz Dəhlizi layihəsi böyük strateji əhəmiyyətə malikdir.
Bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm rol oynayır. Hazırda bir sıra Avropa ölkələri Azərbaycan qazı ilə təmin olunur və gələcəkdə bu coğrafiyanın daha da genişlənməsi planlaşdırılır.
Enerji sahəsində əməkdaşlıq təkcə qaz ixracı ilə məhdudlaşmır. Son illərdə bərpa olunan enerji sahəsində də Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq imkanları yaranır. Xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı Avropa üçün böyük perspektivlər vəd edir.
Azərbaycanın geostrateji mövqeyi onu Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Bu baxımdan Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu dəhliz vasitəsilə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yük daşımalarının həcmi artır və ticarət əlaqələri genişlənir.
Avropa İttifaqı da bu layihəyə böyük maraq göstərir. Çünki qlobal logistika marşrutlarının şaxələndirilməsi Avropa iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi iri infrastruktur layihələri ölkənin regional tranzit mərkəzinə çevrilməsinə şərait yaradır.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini də vurğulayıb. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması regionun iqtisadi inkişafı və beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır.
Avropa İttifaqı da regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan Avropa üçün mühüm tərəfdaş və regional təhlükəsizlikdə əhəmiyyətli aktor kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşdən sonra səsləndirdiyi “biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik” fikri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin mövcud inkişaf dinamikasını tam şəkildə əks etdirir.
Siyasi dialoq, enerji əməkdaşlığı, iqtisadi əlaqələr, nəqliyyat layihələri və regional təhlükəsizlik sahələrində genişlənən əməkdaşlıq göstərir ki, tərəflər arasında münasibətlər getdikcə daha strateji xarakter alır. Bu tərəfdaşlıq yalnız Azərbaycan və Avropa İttifaqı üçün deyil, həm də bütövlükdə regionun sabitliyi və inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri