Prezident İlham Əliyev: “Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik”
Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir. Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir.
Artıq uzun illərdir Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbir müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.
Bu cür tədbirlər dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.
“NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİ BU GÜN APARICI BEYNƏLXALQ TƏSİSATLARDAN BİRİDİR”
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərə marağın ildən-ilə artmasi da məhz bunun məntiqi nəticəsidir. Qlobal Bakı Forumu geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir”. Bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.
Qeyd edək ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Xüsusi vurğulamaq lazımdır ki, Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb.
XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacaq. Burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək.
Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
“Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübədir. Milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faizi işğal altında oldu”. Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. “Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.
“SABİTLİK MƏSƏLƏLƏRİ HƏR HANSI BİR ÖLKƏNİN GÜNDƏLİYİNDƏ HEÇ VAXT OLMADIĞI QƏDƏR BİR NÖMRƏLİ MƏSƏLƏ KİMİ QALMALIDIR”
Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. İki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. “Forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda və dünyadakı mövcud vəziyyətə yönələcəkdir”, - deyən Prezident bildirib ki, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır. “Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində sıx işləyirik və o da Ermənistanın ərazisindən keçir”, - deyə Prezident Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər: “Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib. Dövlət başçımız onu da bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil. Mövcud Birgə Bəyannamə bir neçə ay əvvəl imzalanıb paraflansa da, biz artıq ərazidə sülh hiss edirik.
Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.
“BİZ DAHA TARAZLAŞDIRILMIŞ, PROQNOZLAŞDIRILMIŞ NEFT QİYMƏTLƏRİNİN TƏRƏFDARIYIQ”
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”. Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.
Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda “Qlobal təhlükəsizlik və güc tarazlığı: Beynəlxalq hüquqa hörmət. Yeni məsələlər, yeni çağırışlar”, “Çoxtərəflilik böhran içində: Qlobal əməkdaşlığı yenidən düşünmək”, “BMT 80+”, “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”, “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə”, “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı”, “Afrika bu gün və sabah”, “2030 gündəliyinin sürətləndirilməsi: İnklüziv inkişaf və davamlı əlaqəlilik”, “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası”, “Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər”, “Beynəlxalq sisteminin yenidən qurulmasının axtarışında” mövzularında panellər təşkil olunacaq.
XIII Qlobal Bakı Forumunda keçiriləcək sessiyalar parçalanmış mövcud mənzərənin müxtəlif sahələrdə - hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarında necə təzahür etdiyini araşdıracaq. Müzakirələr, həmçinin yeni formalaşan sahələrin - kritik minerallar, təmiz enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl texnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyini və dövlət siyasətini necə mürəkkəbləşdirdiyini nəzərdən keçirəcək.
XIII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzindədir. Göründüyü kimi, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.
Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Müasir dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanın müstəqil siyasət həyata keçirərək, dəyişməz mövqeyini sərgiləyir
Zümrüd BAYRAMOVA.