44 günlük haqq savaşımızda hünər göstərərək adını Azərbaycanın yeni, şanlı tarixinə yazan, ölümündən sonra "Vətən uğrunda" medalına, "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeninə layiq görülmüş Qardaşxan Elxan oğlu Əhmədli öz ulduzlu dünyasında 31 yaşına qədəm qoydu.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində bizimə qanlar bahasına qələbə qazandıran şəhidlər qürur mənbəyimizdir. Bu, haqq savaşımızda Azərbaycan Ordusunun qüdrəti, şəhidlərin döyüş zamanı göstərdikləri şücaət bütün dünyanı heyrətə saldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Vətən övladlarının həyatları hesabına azad olunmuş Qarabağda bu gün müqəddəs bayrağımız dalğalanır. Çox qürur verici bir haldır. Bu sevinci bizə verən qəhrəman oğullardan biri də Qardaşxan Əhmədlidir. O, aramızdan vaxtsız getsə də, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilib, əbədi olaraq milyonların qəlbində özünə yer edib.
Qardaşxan Elxan oğlu Əhmədli 1996-cı ildə Lənkəranda dünyaya göz aşıb. 6 yaşından sonra ata-anası ilə birgə Binə qəsəbəsinə köçüblər. Orta təhsilini başa vurduqdan sonra bir müddət satıcı işləməyə başlayıb. Atası Elxan kişi Rusiyada olduğuna görə Qardaşxan həm bacılarına, həm də anasına baxırdı.
Vətənə məhəbbət, cəsurluq, kişilik, eləcə düşmənə nifrət uşaq vaxtlarında Qardaşxanın qəlbində özünə yer etmişdi. Odur ki, 2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınanda içdiyi and birinci növbədə erməni dığalardan qisas almaq olub. Cəbhə bölgəsində doğma Azərbaycana oğulluq borcunu ləyaqətlə yerinə yetirib. 2016-cı ilin Aprel döyüşündə iştirak edib və sözün əsl mənasında göstərdiyi şücaətlə adını tarixə yazıb. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. Ata-anasına kömək etmək məqsədilə fəhlə işləməyə başlayıb. 2019-cu ilin noyabr ayında ailə həyatı qurub.
2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsi başladığı zaman Qardaşxan bir başa döyüşən cəbhəyə yollanıb. Füzuli, Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə Vətən naminə alovlardan keçib. Düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib, bundan əlavə olaraq yaralı döyüşçüləri ağır müharibə meydanından çıxarıb. Qəhrəman Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən savaş zamanı itkin düşüb. Bir müddət Qardaşxandan xəbər çıxmayıb. Nəhayət, dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinib. Bir müddət sonra indi uyuduğu torpağa əmanət edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü