PDF Oxu

Siyasət

  • 357

Bakı ilə Brüssel arasında strateji tərəfdaşlıq - ŞƏRH

image

Bakıda İlham Əliyev ilə António Costa arasında baş tutan görüş və sonradan verilən bəyanatlar Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti cənabİlham Əliyevin çıxışı həm diplomatik baxımdan, həm də regional və qlobal siyasi proseslər fonunda diqqət çəkən məqamlarla zəngin idi.Ölkə Prezidenti çıxışında Avropa İttifaqı Şurasının Prezidentini Bakıda qəbul etməkdən məmnun olduğunu bildirdi və tərəflər arasında davam edən siyasi dialoqun əhəmiyyətini vurğuladı. Son bir il ərzində iki liderin bir neçə dəfə görüşməsi və Avropa Komissiyası nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri Bakı ilə Brüssel arasında əməkdaşlığın getdikcə daha da fəallaşdığını göstərir. Bu dinamika sübut edir ki, tərəflər arasındakı münasibətlər yalnız formal diplomatik əlaqələrdən ibarət deyil, real siyasi və iqtisadi gündəliyə əsaslanır. Cənab Prezident İlham Əliyevin sözlərinə görə, qarşılıqlı səfərlər və aparılan müzakirələr tərəfdaşlığın daha da möhkəmlənməsi üçün vacib zəmin yaradır.

Çıxışda iqtisadi əməkdaşlıq məsələlərinə də geniş yer ayrıldı. Statistik məlumatlara əsasən, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin yarıdan çoxu Avropa İttifaqı ilə əlaqəli olub. Bu fakt Brüsselin Azərbaycanın iqtisadi həyatında aparıcı tərəfdaşlardan biri olduğunu açıq şəkildə göstərir. Azərbaycan Avropaya yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, həm də müxtəlif investisiya layihələrində iştirak edən etibarlı tərəfdaş kimi çıxış edir. Qarşılıqlı sərmayə qoyuluşu və yeni layihələrin həyata keçirilməsi tərəflər arasında iqtisadi əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.

Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin ən mühüm istiqamətlərindən biri enerji sektorudur. Cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, enerji sahəsində əməkdaşlıq uzun müddətdir tərəfdaşlığın əsas sütunlarından biridir və gələcəkdə də prioritet olaraq qalacaq. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış strateji enerji tərəfdaşlığı sənədindən sonra Azərbaycan qazının Avropa bazarına çıxışı daha da genişlənib. Hazırda Avropa İttifaqının on üzv dövləti Azərbaycandan qaz alır və ümumilikdə 16 ölkə Azərbaycan qazından istifadə edir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu açıq şəkildə nümayiş etdirir. Dövlət başçısı əlavə etdi ki, yeni yataqların istismara verilməsi ilə yaxın illərdə qaz hasilatının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Cənab Prezident İlham Əliyev çıxışında bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrə də toxundu. Azərbaycan günəş, külək və su enerjisi potensialına malik ölkələrdən biri hesab olunur. Dövlət başçısının sözlərinə görə, yaxın beş-altı il ərzində ölkə ixrac məqsədilə 6–8 giqavat həcmində yaşıl enerji istehsal etməyi planlaşdırır. Xəzər regionunun təbii imkanları bu planların həyata keçirilməsi üçün geniş perspektivlər yaradır. Günəşli və küləkli günlərin çoxluğu alternativ enerji layihələrinin inkişafına əlverişli şərait formalaşdırır. Bu isə Azərbaycanın gələcəkdə Avropanın yaşıl enerji bazarında mühüm tərəfdaşlardan birinə çevrilməsi üçün böyük imkanlar yaradır.

Dövlət başçısının çıxışında regional nəqliyyat layihələri də diqqət mərkəzində idi. Xüsusilə Orta Dəhliz layihəsinin inkişaf etdirilməsi Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə yeni imkanlar açır. Azərbaycan bu layihə vasitəsilə qlobal logistika sistemində daha vacib mövqe qazanır. Enerji və yük daşımalarının bu marşrut üzərindən həyata keçirilməsi həm regionun iqtisadi potensialını artırır, həm də Avropa üçün alternativ tranzit imkanları yaradır. Cənab Prezident İlham Əliyev çıxışında Ermənistanla aparılan sülh prosesinə də toxundu. Onun sözlərinə görə, uzun illər davam edən münaqişədən sonra regionda sabitliyin və sülh mühitinin formalaşması yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan artıq Ermənistana neft məhsullarının çatdırılmasına başlayıb və digər ölkələrdən gələn yüklərin Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranziti üçün bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar regionda qarşılıqlı etimadın formalaşdırılması baxımından mühüm addımlar kimi qiymətləndirilir. Dövlət başçısı vurğuladı ki, sülh yalnız imzalanmış razılaşmalarla deyil, həm də konkret addımlar və praktiki əməkdaşlıq vasitəsilə möhkəmlənir.

Bakıda keçirilən görüş və səsləndirilən bəyanatlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Enerji təhlükəsizliyi, ticarət əlaqələri, yaşıl enerji layihələri və nəqliyyat dəhlizləri bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regional sabitliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və Avropa ilə strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəal siyasət yürüdür.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər