Prezident İlham Əliyevin 12 mart 2026-cı il tarixində Bakıda, "Gülüstan" sarayında keçirilən XIII Qlobal Bakı Forumunun açılışındakı çıxışı bir sıra mühüm regional və qlobal mesajlarla yadda qalıb. "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunmuş bu tədbirdə dövlət başçısı Azərbaycanın sülh gündəliyi və beynəlxalq əməkdaşlıq barədə strateji baxışlarını bölüşüb.
Prezident İlham Əliyevin çıxışının ana xəttini Cənubi Qafqazda yaranmış geri dönməz sülh reallığı təşkil edirdi. Dövlət başçısı qeyd etdi ki, artıq bölgədə sülh sadəcə diplomatik masalarda müzakirə olunan bir arzu deyil, gündəlik həyatda hiss olunan bir faktordur. Sərhədlərdə atəş səslərinin susması və itkilərin olmaması bu prosesin ən mühüm nailiyyəti kimi qiymətləndirildi.
Prezidentin ən diqqətçəkən mesajlarından biri Ermənistanla münasibətlərdə "iqtisadi diplomatiya" mərhələsinin başlaması oldu. Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməyə başlaması və ticarət kanallarının açılması regionun iqtisadi konfiqurasiyasını kökündən dəyişir. Bu, Azərbaycanın təkcə hərbi gücü ilə deyil, həm də iqtisadi resursları ilə regionun sabitlik qarantı olduğunu sübut edir.
Prezident onu da qeyd etdi ki, Orta Dəhliz çərçivəsində Ermənistanın tranzit ölkə kimi prosesə qoşulması həm Naxçıvanla birbaşa əlaqənin yaradılmasına, həm də bütün regionun iqtisadi dividend qazanmasına xidmət edir. Bu, Azərbaycanın "qalib dövlət" olmaqla yanaşı, həm də "regionun birləşdiricisi" rolunu necə uğurla icra etdiyini göstərir.
Forumun mövzusuna uyğun olaraq, Prezident dünyada müşahidə olunan qütbləşmə və "soyuq müharibə" elementlərinə də diqqət çəkdi. O, beynəlxalq hüququn selektiv tətbiqini, bəzi güc mərkəzlərinin münaqişələrə ikili standartlarla yanaşmasını kəskin tənqid etdi. Azərbaycanın 30 illik işğal dövründə beynəlxalq birliyin laqeydliyi ilə üzləşdiyini xatırladan lider, bu gün Azərbaycanın öz nümunəsi ilə ədaləti bərpa etdiyini və indi digər qlobal böhranların həllində vasitəçilik potensialına malik olduğunu bildirdi.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız öz milli maraqlarını müdafiə edən ölkə deyil, həm də qlobal problemlərin həllində aktiv iştirak edən, regional sülhün və logistikanın memarı olan bir dövlətdir.
Dilarə Hüseynova
Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədr müavini