Prezident İlham Əliyev: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq”
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işgal altında olan torpaqlarımızı azad etdi. “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışında bildirib.
Bu gün bu torpaqlara yeni həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhər və kəndlərimizdə bərpa və quruculuq bərpa işləri davam etdirilir. Dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən on minlərlə insan yaşayır.
İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam edir. Onlardan artıq 8673 şəxsin məşğulluğu təmin olunub, o cümlədən 754 sakin üçün isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub. 383 sakin isə işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib.
AZƏRBAYCANIN YARATDIĞI YENİ REALLIQLAR
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda icra olunan məşğulluq proqramlarının getdikcə genişləndirilir. Azad edilmiş doğma yurdlarına köçürülən sakinlər əmək qabiliyyətli şəxslər bu proqramlarla əhatə olunublar.
Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 22 illik tariximizi xarakterizə edən əsas amillərdir. Əlbəttə ki, güclü dövlət və güclü Liderlik bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Xalq-iqtidar birliyi, ordu quruculuğu burada önəmli faktor olduğunu qeyd etməliyik. Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir.
İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.
İşğaldan azad edilmiş ərazilərdə 2021-2026-cı illərdə həyata keçirilən infrastruktur layihələri üzrə 1583 müraciətə müsbət ekoloji ekspertiza rəyi verilib. Bu ilin ötən dövrü ərzində verilən müsbət rəylərin sayı 71-dir.
Müsbət rəy verilmiş layihələrin rayonlar üzrə bölgüsündə Ağdam, Şuşa və Cəbrayıl ilk üçlüyə daxildir. Bu göstəricilər Ağdamda 247, Şuşada 190, Cəbrayılda 179-dur.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir
Nəzakət ƏLƏDDİNQIZI