PDF Oxu

Siyasət

  • 365

Əməkdaşlıq müxtəlif sahələri əhatə edir ŞƏRH

image

Ölkə başçısı cənab İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və sonrasında səsləndirilən birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu görüş təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda regionun geosiyasi reallıqları, enerji təhlükəsizliyi və sülh gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Son illər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq müxtəlif sahələr üzrə daha da genişlənib. Xüsusilə enerji sahəsində qurulan tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Rusiya–Ukrayna müharibəsindən sonra Avropada enerji mənbələrinin şaxələndirilməsi məsələsi daha da aktuallaşdığı bir dövrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi daha aydın şəkildə ön plana çıxır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin bəyanatında Azərbaycanın Avropanın enerji xəritəsində mühüm aktor kimi çıxış etməsi xüsusi vurğulandı.

Azərbaycanın həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri ölkəni təkcə enerji ixracatçısı deyil, həm də regionlararası əlaqələri birləşdirən strateji mərkəzə çevirir. Bu baxımdan Bakı ilə Brüssel arasında əməkdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda siyasi dialoqun gücləndirilməsinə və uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edir.

Görüş zamanı diqqət çəkən digər mühüm məsələ isə Cənubi Qafqazda sülh və sabitlik məsələsi oldu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda yeni geosiyasi reallıq formalaşıb. Bu reallıq sülh gündəliyinin daha real müstəviyə keçməsinə şərait yaradır. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, əgər tərəflər siyasi iradə nümayiş etdirərsə, regionda davamlı sülhün əldə olunması mümkündür. Bu yanaşma Azərbaycanın post-münaqişə dövründə əsas prioritetinin sabitlik və əməkdaşlıq olduğunu göstərir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da çıxışında Azərbaycan ilə münasibətlərin strateji əhəmiyyətini xüsusi vurğuladı. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan ilə siyasi dialoqun və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Bu yanaşma göstərir ki, Brüssel də Azərbaycanı regionda mühüm tərəfdaş kimi qiymətləndirir və əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsini məqsədəuyğun hesab edir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər tədricən strateji tərəfdaşlıq səviyyəsinə doğru inkişaf edir. Enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi amillər bu münasibətlərin əsas sütunlarını təşkil edir. Bakı və Brüssel arasında siyasi dialoqun davamlı xarakter alması isə həm regionun təhlükəsizliyi, həm də qlobal enerji balansı baxımından mühüm əhəmiyyət daşıyır.

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər