Bakıda, “Gülüstan” sarayında Martın 12-də keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi gündəmdə duran ən aktual məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrildi. Cənab Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edərək qlobal təhlükəsizlik, regional sülh, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri kimi vacib mövzulara toxundu. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın mövqeyini ifadə etmədi, həm də müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərlə bağlı mühüm siyasi mesajlar verdi.
Forumun əhəmiyyətindən danışan cənab Prezident İlham Əliyev bildirdi ki, bu tədbir artıq qlobal miqyasda böyük nüfuz qazanıb: “Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir və qlobal səviyyədə aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir”. Dövlət başçısı qeyd etdi ki, forum yalnız siyasi müzakirə platforması deyil, eyni zamanda qlobal problemlərin həlli üçün fikir mübadiləsinin aparıldığı mühüm mərkəzdir. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gəlmiş dövlət və hökumət rəhbərləri, diplomatlar, ictimai xadimlər və ekspertlər burada bir araya gələrək dünya üçün əhəmiyyətli ideyalar irəli sürürlər. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi diplomatik platforma siyasətinin mühüm nəticələrindən biridir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb geosiyasi mühitdə yerləşən bir dövlət kimi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xüsusi önəm verir. Tarixi, siyasi və iqtisadi baxımdan strateji əhəmiyyətə malik olan Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin qorunması Azərbaycan üçün yalnız milli təhlükəsizlik məsələsi deyil, həm də regional inkişafın əsas şərtlərindən biridir. Bu baxımdan Azərbaycan daim konstruktiv siyasət yürüdərək əməkdaşlıq və dialoq təşəbbüslərini dəstəkləmişdir.
Azərbaycanın həyata keçirdiyi siyasət regionda qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlib. Dövlət başçısının müxtəlif beynəlxalq platformalarda vurğuladığı kimi, ölkəmiz regionda uzunmüddətli sülhün bərqərar olması üçün ardıcıl addımlar atır. Bu siyasətin əsas məqsədi Cənubi Qafqazın qarşıdurma məkanı deyil, əməkdaşlıq və inkişaf məkanına çevrilməsidir. Regional təhlükəsizlik məsələsində Azərbaycanın rolu yalnız siyasi sahə ilə məhdudlaşmır. Ölkəmizin həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri də regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və logistika layihələri region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq əməkdaşlıq mühitinin güclənməsinə səbəb olmuşdur. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunması prinsiplərini daim müdafiə etmişdir. Məhz bu prinsipial mövqe Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasına və beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına səbəb olmuşdur.
XIII Qlobal Bakı Forumu da göstərdi ki, Azərbaycan qlobal çağırışların müzakirə edildiyi mühüm beynəlxalq dialoq platformasına çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri bu forum çərçivəsində qlobal təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edirlər. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz göstəricisidir.
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri