Müasir dövrdə qlobal iqtisadi əlaqələrin genişlənməsi ölkələr arasında nəqliyyat və logistika sistemlərinin əhəmiyyətini daha da artırmışdır. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi ölkəni mühüm tranzit mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Asiya ilə Avropanı, həmçinin Şimal ilə Cənubu birləşdirən əsas nəqliyyat qovşaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda çıxışında vurğuladığı kimi, Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.
İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq.
Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropanı birləşdirən ən mühüm ticarət marşrutlarından biridir. Bu dəhliz vasitəsilə Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yüklərin daşınması daha sürətli və səmərəli şəkildə həyata keçirilir. Azərbaycan bu marşrutun əsas iştirakçılarından biridir və tranzit ölkə kimi mühüm rol oynayır.
Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq layihələrdən biridir. Bu dəhliz Şimali Avropa ölkələrini Cənubi Asiya və Yaxın Şərq regionu ilə birləşdirir. Azərbaycan bu marşrut üzrə əsas tranzit və logistika mərkəzi rolunu oynayır. Dəhliz vasitəsilə yüklərin daşınma müddəti əhəmiyyətli dərəcədə azalır və ticarət əlaqələri daha da genişlənir.
Nəticə etibarilə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm strateji mövqeyə malikdir. Bu dəhlizlər ölkənin iqtisadi inkişafına, beynəlxalq ticarətin genişlənməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verir. Azərbaycanın həyata keçirdiyi layihələr və təşəbbüslər ölkəni qlobal nəqliyyat sisteminin vacib iştirakçısına çevirmişdir və gələcəkdə də bu rolun daha da güclənəcəyi gözlənilir.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı