Mart ayının 12-də ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Bakıdakı Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başlayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev XIII Qlobal Forumun açılış mərasimindəki dərin məzmunlu çıxışında dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. Cənab Prezident deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Forumdakı çıxışında ölkə rəhbəri qeyd edib ki, bu forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda, dünyadakı vəziyyətə yönələcəkdir.
Bildirilib ki, münaqişələr ənənəvi daşımalar yollarını pozur, insanlara, ölkələrə, iqtisadiyyatlara çox böyük problemlər yaradılır. Daşımalar, bağlantılar pozulduqda beynəlxalq ictimaiyyətin əksər hissəsinin üzvləri çətinliklərlə üzləşir. Hazırda həm Orta Dəhlizə, həm də Şimal-Cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır və biz həm Qərbdə, həm də Şərqdə bir çox ölkələr üçün mühüm tranzit rolunu oynayırıq”.
XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacaq. Əminik ki, burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı