“Azərbaycanın Baş naziri Əli Əsədovla Murat Kurum arasında keçirilən görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinin xüsusi vurğulanması Bakının beynəlxalq siyasi, iqtisadi və ekoloji dialoq platforması kimi rolunun getdikcə gücləndiyini nümayiş etdirir”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.Onun sözlərinə görə, bu forum son illərdə qlobal siyasət, təhlükəsizlik, iqtisadi inkişaf və iqlim məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformalardan birinə çevrilərək müxtəlif ölkələrin qərarverici şəxslərini və ekspertlərini bir araya gətirir:”Bu baxımdan forum yalnız fikir mübadiləsi üçün deyil, həm də qlobal problemlərin həllinə yönəlmiş praktik yanaşmaların formalaşdırılması üçün əhəmiyyətli məkan rolunu oynayır.Görüşdə COP və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin yüksək qiymətləndirilməsi Azərbaycanın iqlim diplomatiyasında daha fəal mövqe tutduğunu göstərir. BMT çərçivəsində keçirilən iqlim təşəbbüsləri ilə uzlaşan bu fəaliyyətlər ölkənin qlobal ekoloji çağırışlara həssas yanaşdığını və regionda ekoloji məsələlərin müzakirəsi üçün davamlı platforma yaratmağa çalışdığını sübut edir. Eyni zamanda, bu cür tədbirlər Azərbaycanın beynəlxalq iqlim gündəliyində söz sahibi olmaq niyyətini də ortaya qoyur.Digər tərəfdən, bu müzakirələr Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının yeni istiqamətlər üzrə inkişaf etdiyini də açıq şəkildə göstərir. Ənənəvi siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, artıq ekoloji təhlükəsizlik, şəhərsalma, yaşıl texnologiyalar və iqlim siyasəti kimi sahələr də iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərinə çevrilir. Bu isə regional əməkdaşlığın daha kompleks və çoxşaxəli xarakter aldığını göstərir.Müasir dövrdə iqlim dəyişiklikləri və davamlı inkişaf məsələləri yalnız ekoloji problem kimi deyil, həm də iqtisadi sabitlik, enerji təhlükəsizliyi və qlobal siyasətin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan Bakı Forumunda COP və iqlim gündəliyinə dair müzakirələrin aparılması həm regional, həm də qlobal səviyyədə əməkdaşlıq imkanlarını genişləndirir. Bu müzakirələr eyni zamanda yeni texnologiyaların tətbiqi, yaşıl enerji keçidi və dayanıqlı şəhər modellərinin inkişafı kimi məsələlərin də gündəmdə saxlanmasına şərait yaradır.Bu kimi təşəbbüslər Azərbaycan və Türkiyənin qlobal iqlim siyasətində daha fəal rol oynamaq niyyətini nümayiş etdirməklə yanaşı, onların beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqelərinin möhkəmlənməsinə də töhfə verir. Bakı Forumunun əhatə dairəsinin genişlənməsi isə şəhərin qlobal dialoq mərkəzi kimi statusunu daha da gücləndirərək regionda siyasi, iqtisadi və ekoloji əməkdaşlığın inkişafına mühüm təsir göstərir”.
Müəllif: Günay Hacıyeva