Beynəlxalq münasibətlərin müzakirə edildiyi ən mühüm platformalardan biri olan XIII Qlobal Bakı Forumu dünya siyasətində baş verən proseslərin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ətrafında keçirilən forumda Prezident İlham Əliyevin çıxışı bir sıra mühüm məqamlara aydınlıq gətirdi. Dövlət başçısı Azərbaycanın son illərdə həyata keçirdiyi siyasi və diplomatik kursun regional və qlobal miqyasda yaratdığı təsirləri diqqətə çatdırdı.
Prezident qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra regionda davamlı sülhün qurulması üçün diplomatik təşəbbüslərlə çıxış edib. Ermənistanla aparılan danışıqlar nəticəsində sülh prosesinin irəliləməsi region üçün yeni perspektivlər açır. 2023-cü ilin sentyabrında baş verən son qarşıdurmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verib. Bu gün sərhəddə müşahidə olunan sabitlik tərəflərin sülh yolunu seçdiyini göstərir.
Forumda diqqət çəkən digər mühüm məsələ enerji təhlükəsizliyi ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada aparıcı mövqedədir. Enerji resurslarının davamlı şəkildə beynəlxalq bazara çatdırılması bir çox ölkələrin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan artıq yalnız regional siyasətdə deyil, həm də qlobal proseslərin formalaşmasında fəal iştirak edən ölkə kimi tanınır.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri