XIII Qlobal Bakı Forumu beynəlxalq siyasətin aktual məsələlərinin müzakirə edildiyi nüfuzlu platformalardan biri kimi diqqət çəkir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan tədbirdə Prezident İlham Əliyevin çıxışı müasir geosiyasi vəziyyətə dair mühüm mesajlarla yadda qaldı.
Dövlət başçısı Azərbaycanın keçdiyi inkişaf yolunu xatırladaraq bildirdi ki, ölkə öz suverenliyini təmin etdikdən sonra regionda sülhün qurulmasına yönəlmiş siyasət həyata keçirir. Ermənistanla aparılan danışıqlar nəticəsində sülh prosesinin sürətlənməsi regionun gələcək inkişafı baxımından əhəmiyyətlidir. 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması artıq yeni siyasi mərhələnin başlanğıcını qoyub.
Prezident çıxışında enerji məsələsinə də xüsusi diqqət ayırdı. Azərbaycanın beynəlxalq enerji bazarına etibarlı tərəfdaş kimi töhfə verdiyini qeyd edən dövlət başçısı vurğuladı ki, ölkəmizin ixrac etdiyi qazın coğrafiyası genişlənməkdə davam edir. Bu isə bir çox dövlətlərin enerji təminatı üçün mühüm rol oynayır.
Forum çərçivəsində aparılan müzakirələr göstərir ki, qlobal problemlərin həlli yalnız dövlətlər arasında əməkdaşlıq və dialoq vasitəsilə mümkündür. Bu baxımdan Bakı platforması beynəlxalq dialoqun inkişafına mühüm töhfə verir.
Elvin Əliyev
YAP Babək rayon təşkilatının sədr müavini