"Bu il, may ayının 17-22-si aralığında Bakıda BMT-nin şəhərsalma sahəsində ən mötəbər tədbirlərindən biri olan WUF-13 keçiriləcəkdir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.O bildirib ki, bu tədbir qlobal miqyasda urbanizasiya, dayanıqlı şəhər inkişafı və innovativ şəhər idarəçiliyi məsələlərinin müzakirə olunduğu mühüm platforma hesab olunur: "Azərbaycan bu sahədə həm beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəyə malikdir, həm də əldə etdiyi uğurlu nəticələrlə seçilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının işğaldan azad edilməsindən sonra sıfırdan inşa edilən şəhər və kəndlər, müasir yanaşmalar və ağıllı şəhər konsepsiyasına uyğun planlaşdırılması ilə dünya miqyasında diqqət mərkəzinə çevrilib. Bu ərazilərdə həyata keçirilən layihələr təkcə infrastrukturun bərpasını deyil, eyni zamanda dayanıqlı inkişaf, rəqəmsal texnologiyaların tətbiqi və ekoloji tarazlığın qorunmasını da özündə ehtiva edir.BMT rəsmilərinin Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan tərəfi ilə keçirdiyi görüşlər bir daha göstərdi ki, ölkəmiz beynəlxalq əməkdaşlığa açıqdır və qarşılıqlı fikir mübadiləsinə xüsusi önəm verir. Bununla yanaşı, Azərbaycan müharibədən zərər çəkmiş regionların yenidən qurulması istiqamətində qazandığı təcrübəni inkişaf etməkdə olan digər ölkələrlə bölüşmək potensialına malikdir.Bu baxımdan Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər və formalaşdırdığı inkişaf modeli artıq beynəlxalq səviyyədə maraq doğurur. Bu təcrübə müasir şəhərləşmə strategiyalarının uğurlu tətbiqinin real nümunəsi kimi çıxış edir və gələcəkdə oxşar problemlərlə üzləşən ölkələr üçün praktik model rolunu oynaya bilər. WUF-13 kimi mötəbər tədbirin Bakıda keçirilməsi isə Azərbaycanın qlobal urbanizasiya gündəliyində artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirilir".
Müəllif: Günel Fərzəliyeva