Prezident İLHAM ƏLİYEV: “Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq”
Böyük Qayıdışın Xocavənd səhifəsi. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində baş tutmuş Zəfər, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu və əzəli yurd yerlərimizə sahib olduq. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə səfər edərək, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsəni ucaldır və dünya bunu görür, eşidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
“Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir.” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xanobaya qayıdan kənd sakinləri ilə görüşündə bildirib.
Xanoba kəndi Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. Bura Qarabağ xanlarına məxsus olmuş yaşayış məntəqəsidir. İşğaldan əvvəl kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Kənddə mövcud fərdi evlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 ev hazır olacaq.
Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə - 114 nəfər qayıdıb. Oktyabradək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər - 441 ailə qayıdıb.
Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb. Kənddəki mövcud 2 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa olunub, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyusunda və nasos stansiyasında təmir işləri aparılıb.
“CƏMİ 5-6 İL ƏRZIİNDƏ QARABAĞDA VƏ ŞƏRQİ ZƏNGƏZURDA 80 MİNDƏN ÇOX İNSAN YAŞAYIR, ÇALIŞIR, TƏHSİL ALIR”
Artıq Qalib bir Sərkərdə kimi Cənab Prezident altıncı ildir ki, azad olunmuş torpaqlarımızda bayram tonqallarını qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində, 2025-ci ildə isə Agdərədə qalandı. Bu qalanan bayram tonqalları yurdumuzun yaşamasıdır, varlığıdır, sahib olduğumuz torpaqlara qayıdışımızdır. Novruz tonqalınının alovlandırması buranın əzəli sakinlərinin yurd yeri olduğunu bir daha təsdiqləyir.
Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb. “Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar”, - deyə Prezident bildirib.
“SÜLH, ƏMİN-AMANLIQ, TƏHLÜKƏSİZLİK ŞƏRAİTİNDƏ XOŞBƏXT YAŞAYIN”
2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni səhifə, salnamə oldu. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi və düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. 2023-cü ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan ərazilərimiz hər kəsə qürur yaşatdı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Bu gün Azərbaycan tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. Ölkəmiz regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasət dayanır. İşğaldan azad olunan ərazilərimizdə yeni, qaynar dövr başlayıb. Abadlıq-quruculuq işləri aparılır. “Artıq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində xoşbəxt yaşayın. İndi qurub-yaratmaq dövrüdür. Ona görə kənddə də bütün şərait var, məşğulluqla bağlı da imkanlar var. Həm dövlət, həm də ki, özəl sahədə. Özəl əkin sahələri var, örüş sahələri, su var. Yəni işıq, qa”, - deyı Prezident İlham Əliyev bildirib.
Zümrüd BAYRAMOVA