Azərbaycan Dillər Universitetində Gənclər və İdman Nazirliyi tərəfindən tələbələr üçün infosessiya təşkil olunub. Tədbirdə gənclərə beynəlxalq proqramlarda iştirak imkanları təqdim edilib. Dövlət gənclərin beynəlxalq proqram və layihələrdə iştirakını geniş şəkildə dəstəkləyir, təhsil və təcrübə imkanlarını təmin edir.
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyevin verdiyi açıqlamasında ölkədə vətəndaş cəmiyyətinin qurulmasında gənclərin və qeyri-hökumət təşkilatlarının rolunun əhəmiyyətini vurğulayıb.
M.Əliyevin sözlərinə görə, “Bugünkü gündə Azərbaycanda və beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini, Azərbaycanda aparılan işləri, quruculuq işlərini təmsil etmək, cənab Prezidentimizin humanist addımlarını və sülh çağırışını yaymaq baxımından vətəndaş cəmiyyətinin rolu çox böyükdür".
Muğan Əliyev bildirib ki, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, o cümlədən Formula 1 və Bakı forumu kimi mötəbər tədbirlərdə fəal olmaları, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və gənclər təşkilatlarının iştirakı vətəndaş cəmiyyətinin inkişafına böyük töhfə verir.
Sədr vurğulayıb ki, “Azərbaycan gənclərinin beynəlxalq aləmdə təmsil olunması, dil biliklərinin inkişaf etdirilməsi və səlis çıxışlar etməsi, yalnız diplomatiyada deyil, idman, iqtisadiyyat və digər sahələrdə də vacibdir".
Muğan Əliyev əlavə edib ki, gənclərin müxtəlif beynəlxalq proqramlarda iştirakı və qəbul olunmuş layihələrdə fəal olmaları dövlətin gənclər siyasətində prioritet istiqamətlərdən biridir.
M.Əliyevin sözlərinə görə, “Gənclər İdman Nazirliyi və Gənclər Fondu tərəfindən həyata keçirilən layihələr, gənclərin beynəlxalq səviyyədə təhsil alması və təcrübə qazanması üçün böyük imkanlar yaradır. Bu, həm qərbin ağlı, həm də şərqin ruhu kimi qiymətləndirilə bilər".
Sədr qeyd edib ki, Qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihələr və gənclərin mütəmadi iştirakı vətəndaş cəmiyyətinin formalaşmasına dəstəkdir.
Sədr vurğulayıb ki, “Azərbaycanın tarixi, mədəni irsi və milli-mənəvi dəyərləri ilə bağlı gənclərin iştirakı, həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən tədbirlərdə fəal olmaları çox önəmlidir".
Muğan Əliyev nümunə gətirib ki, Gənc Vətənpərvərlər İctimai Birliyinin üzvləri hal-hazırda Polşada və Kanadada təhsil alaraq Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə təmsil edirlər.
M.Əliyevin sözlərinə görə, “Bu sahədə aparılan işlər davamlı olmalı, layihələr yalnız bir dəfə həyata keçirilməməli, gənclərin davamlı fəaliyyəti təmin edilməlidir. Bu, vətəndaş cəmiyyətinin formalaşmasına və gənclərin inkişafına böyük dəstəkdir".
Fatimə Nəbiyeva