"İşğaldan azad olunmuş ərazilərdə insanlar üçün normal həyat şəraitinin yaradılması və keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına daha qısa müddətdə qayıtması dövlət qarşısında duran əsas vəzifələrdən biridir. Bu məsələ təkcə dövlətin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin ən vacib prioritetlərindəndir".Bunu SİA-ya açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.O bildirib ki, artıq 75 mindən çox insan doğma torpaqlarına qayıdıb: "Ərazilərdə görülən genişmiqyaslı işlər - magistral yolların çəkilməsi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, tunellərin inşası, yeni yaşayış binalarının, xəstəxanaların, məktəblərin və uşaq bağçalarının tikilməsi - dövlət proqramının uğurla icra olunduğunu göstərir.Son illərdə dövlət büdcəsindən bu məqsədlə 25,5 milyard manat vəsait ayrılması onu deməyə əsas verir ki, qayıdış prosesi nəzərdə tutulandan da daha sürətlə həyata keçiriləcək. Artıq bəzi ailələr bayramlarını öz doğma yurdlarında qeyd edirlər ki, bu da olduqca sevindirici haldır.Təbii ki, prosesin sürətləndirilməsi müəyyən çağırışlarla da bağlıdır. Xüsusilə mina təhlükəsi və təhlükəsizliyin təmin olunması əsas məsələlərdəndir. Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ən vacib şərt olduğuna görə bu işlər ehtiyatla və mərhələli şəkildə həyata keçirilir, minatəmizləmə prosesinin sürətləndirilməsi üçün əlavə tədbirlər görülür.Bu gün artıq həmin ərazilərdə məskunlaşan insanlar üçün bütün zəruri şərait yaradılıb. Yeni evlər tikilib, sosial və ictimai obyektlər fəaliyyət göstərir, məktəblər, xəstəxanalar və uşaq bağçaları sakinlərin istifadəsinə verilib. İşğaldan azad olunmuş ərazilərdə yeni iş yerləri yaradılıb və bu istiqamətdə mühüm addımlar atılmaqda davam edir. Xüsusilə aqrar sektorun inkişafı diqqət mərkəzindədir. Artıq yüz min hektarlarla torpaq sahəsi yararlı hala salınaraq əkin dövriyyəsinə daxil edilib. Bu ərazilərdə buğda, arpa, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilir.Yay aylarında sakinlər öz heyvanlarını yaylaqlara aparır, ənənəvi təsərrüfat fəaliyyəti bərpa olunur. Eyni zamanda, Cəbrayıl və Xocalı rayonlarında torpaqların icarə əsasında vətəndaşlara verilməsi prosesinə başlanılıb. Bu, həm kənd təsərrüfatının inkişafına, həm də insanların həmin ərazilərdə möhkəmlənməsinə və maddi rifahının yaxşılaşmasına mühüm töhfə verir.
Bu gün dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və abadlaşdırılması istiqamətində bütün imkanlar səfərbər olunub. Demək olar ki, mütəmadi olaraq ölkə rəhbərliyi həmin ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur, yeni layihələrin təməli qoyulur və aidiyyəti qurumlara konkret tapşırıqlar verilir.Bu isə onu göstərir ki, azad olunmuş torpaqlarda quruculuq və inkişaf prosesi planlı və sürətli şəkildə davam edir. Görülən işlərin ölkə rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılması, həyata keçirilən layihələrə yerində qiymət verilməsi və əlavə tapşırıqların verilməsi Böyük Qayıdış proqramının daha da sürətləndirilməsini təmin edir. Bu yanaşma nəticəsində prosesə hazırlıq tədbirləri daha yüksək səviyyədə icra olunur.Bu, xüsusilə vacibdir. Çünki Qarabağ və Şərqi Zəngəzur əraziləri həm iqtisadi, həm də turizm potensialına görə böyük əhəmiyyət daşıyır. Son illərdə həmin bölgələrə turist səfərlərinin artması da bunu təsdiqləyir. Təhlükəsizlik tam təmin olunduqca bu potensialın daha da genişlənəcəyi gözlənilir.Bu gün hər bir vətəndaş Böyük Qayıdış proqramı çərçivəsində görülən işləri yüksək qiymətləndirir və hesab edir ki, bu proses həm insanların öz doğma torpaqlarına qayıdaraq orada möhkəmlənməsi, həm də ölkənin gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır".
Müəllif: Günel Fərzəliyeva