PDF Oxu

Siyasət

  • 798

Hünəri dastana dönən Vətən oğlu - FOTO

image

23 yaşında şəhidlik zirvəsinə ucalan Vidadi Cabbarovun 29 yaşı tamam oldu

Vətəni qanı-canı bahasına qoruyan və yaşadan qeyrətli, igid oğlanlarımız Azərbaycanın ərazi bütövlüyü uğrunda od-alovdan keçərək şanlı tarix yazdılar. Bu yolda ulu torpağın bağrına Zəfər bayrağı sancıb, şəhidlik zirvəsinə ucalan igidlərimiz çox oldu. Onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Lerik rayonunun Piran kəndində dünyaya göz açan, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarışı haqq savaşımızda şəhidlik zirvəsinə ucalan 23 yaşlı gizir Vidadi Cəbrayıl oğlu Cabbarovun da adı onların sırasındadır.

Vətən fədaisi Vidadi Cabbarov İkinci Qarabağ müharibəsi başlayan gündən erməni silahlılarına qarşı haqq savaşında qəhrəmancasına vuruşur, düşmənə layiqli cavab verirdi. O, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun rabitəçisi idi. Füzulidən başlayan döyüş yolu polkovnik Şükür Həmidovla birlikdə onu Qubadlıya qədər apardı.

Çətin, lakin şərəfli döyüş yolunu, özünün də dediyi kimi, “düşməni əzə-əzə” keçdi. Təəssüf ki, onun döyüş yolu da ömrü kimi, qısa oldu. İgid gizir yağının atdığı mərminin qəlpəsindən yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Həmin vaxt onların həyata keçirdiyi əks-hücum əməliyyatı uğurla başa çatdı. Vidadinin şəhidliyindən iki gün sonra komandiri Şükür Həmidov da şirin canını qurban verməklə şəhadətə qovuşdu.

“Vidadi çox qeyrətli, mərd oğlan idi. Vətənini hər şeydən üstün, qiymətli sayırdı. Mənfur ermənilərin Qarabağa təcavüzünə heç cür dözə bilmirdi. Odur ki, İkinci Qarabağ müharibəsində Vətəni öz qanı bahasına yaşadan, igidliyi dillərdə dastana dönən oğullardan biri də Vidadi oldu. Allah rəhmət eləsin, məqamı uca oğula!”

Bu fikirlər kənd sakini Habil Əliyevə məxsusdur. O, igid, qorxmaz, cəsur döyüşçünün uşaqlıqdan vətənpərvər kimi tanındığını da dilə gətirdi.

Samir Məmmədov isə Vidadi haqqında belə deyir : “Piranlılar həmişə, hər yerdə Vidadinin hünərindən iftixarla danışırlar. 44 günlük Vətən müharibəsində o, qəhrəmanlığı ilə tarix yaradanların sırasında oldu və adını Zəfər salnaməsinə əbədi həkk etdirdi. Olduqca şərəfli bir ömür yaşadı. Düzdür, ömrü qısa oldu. Amma yaşamaq illərləmi ölçülür? 100 il ömür sür, Vətəninə, xalqına, dövlətinə xeyrin dəyməsin, bu, kimə lazımdır ki?! Ölümsüzlüyə qovuşan qəhrəman Vidadi isə keçdiyi həyat yolu ilə Vətəni necə sevməyi, torpağı necə qorumağı gənclərə öyrətdi. İndi onun kimi oğulların adı çəkiləndə ürəyimiz qürurdan dağa dönür. Bütün Azərbaycan belə oğullarla fəxr edir. Kənddə Vidadinin adına “Xatirə bulağı”nın tikilməsi də məhz onun adının əbədiyyətə qovuşmasından xəbər verir...”

Bəli, Vidadi kimi bir igidlə fəxr etməyə Piran camaatının mənəvi haqqı var. Həm də dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azad edilməsinə görə medalları isə yalnız ailəsinə deyil, həm də piranlılara təsəllidir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər