PDF Oxu

Siyasət

  • 687

1918-ci il mart soyqırımı

image

Azərbaycan tarixində çoxlu şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlı səhifələr də vardır. Bu dəhşətli hadisələrdən biri 1918-ci il mart-aprel aylarında erməni millətçiləri tərəfindən yaşanmışdı. Mart soyqırım təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir.

Hələ 1917-ci ilə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni “Daşnaksutyun” partiyası da yaxından kömək edirdi. Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Düşmənlər qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngüdən keçirərək diri-diri yandırdılar, evlərini dağıtdılar. Aprelin 3-dək minlərlə müsəlman əhali qətlə yetirildi.

Mart soyqırımı nəticəsində 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Milli memarlıq abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər binalar dağıdıldı. Bakının böyük bir hissəsi xarabalığa çevrildi, nadir memarlıq abidəmiz olan “İsmailiyyə” binası, Tağıyev teatrı, “Açıq söz” və “Kaspi” qəzetinin redaksiyaları yandırıldı, “Təzəpir” məscidi dağıdıldı. Bu qırğınlar təkcə Bakıda deyil, Qarabağda, Naxşıvanda, Göyçayda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda və Lənkəranda törədilmişdi. Mart hadisələri ilə bağlı məlumatların çoxu məhv olunduğu üçün yenidən araşdırılır. Son araşdırmalara görə təkcə Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənmişdir. Quba qəzasında isə ümumilikdə 4 min nəfərdən artıq olduğu bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750 ev yandırılmışdır.

2007-ci il aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlanmışdı. Məzarlıqda 500-dək insan kəlləsi vardı, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımın qurbanı olduğu sübuta yetirildi. Araşdırmalar göstərir ki, ermənilər dinc əhaliyə divan tutarkən odlu silahdan istifadə etməyiblər, sümüklərdə güllə yeri yoxdur, buradakı soydaşlarımız başlarına küt alətlə, mismar vurmaqla qətlə yetirilmişdir, sonra isə quyulara doldurulub üzəri torpaqla örtülmüşdür.

Ermənilərin xalqımıza qarşı törətdiyi Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş və 31 Mart “Azərbaycanlıların soyqırım günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.

Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırım haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə tədqiqatçılar tərəfindən qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır.

Məhz erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də açılışı olmuşdur. Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımınin 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaqdır.

İradə ƏLİYEVA,

Əməkdar müəllim

Digər xəbərlər