31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli və ağrılı səhifələrdən birini təşkil edir. Bu gün 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, etnik təmizləmə siyasətinin və insanlığa qarşı cinayətlərin xatirəsinə həsr olunur.
1918-ci ildə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində baş verən hadisələr zamanı minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir. Xüsusilə Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ və digər bölgələrdə törədilən qırğınlar sistemli xarakter daşıyaraq azərbaycanlı əhalinin fiziki məhvinə yönəlmişdi.
Bu hadisələr təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş soyqırımı siyasətinin nəticəsi idi. Tarixi mənbələr sübut edir ki, həmin dövrdə erməni silahlı dəstələri və bolşevik qüvvələri tərəfindən həyata keçirilən hücumlar nəticəsində on minlərlə azərbaycanlı həyatını itirmişdir. Quba qəzasında aşkarlanan kütləvi məzarlıqlar bu faciənin miqyasını bir daha dünyaya nümayiş etdirir.
Uzun illər ərzində bu hadisələrə lazımi hüquqi-siyasi qiymət verilməmiş, həqiqətlər gizlədilmişdir. Yalnız müstəqillik əldə edildikdən sonra Azərbaycan dövləti bu faciənin araşdırılmasına və beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi diqqət ayırmışdır. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etmişdir. Bu qərar tarixi ədalətin bərpası istiqamətində mühüm addım olmuşdur.
Bu gün Azərbaycan dövləti və xalqı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir. Eyni zamanda, bu faciənin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq səviyyədə tanınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu, təkcə keçmişin xatırlanması deyil, həm də gələcəkdə bu cür cinayətlərin təkrarlanmaması üçün mühüm çağırışdır.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bizə tariximizi unutmamağı, milli birliyimizi qorumağı və ədalət uğrunda mübarizəni davam etdirməyi xatırladır. Bu faciə xalqımızın yaddaşında əbədi iz qoymuşdur və gələcək nəsillərə ötürülməsi vacib olan bir həqiqətdir.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi