PDF Oxu

Siyasət

  • 518

Şərurda anım tədbiri keçirlib -FOTO

image

31 mart 2026-cı il tarixində YAP Şərur rayon təşkilatı “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı anım tədbiri keçirmişdir. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ağır nəticələrindən danışmışdır. O qeyd etmişdir ki, bu siyasət müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qırğınlar və zorakılıqlarla müşayiət olunmuşdur. Məqsəd azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması və həmin ərazilərdə uydurma “Böyük Ermənistan” ideyasının reallaşdırılması olmuşdur.

Bildirilib ki, bu siyasətin nəticəsi olaraq minlərlə insan qətlə yetirilmiş, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin salınmışdır. 1918-ci ilin mart ayının son günlərində Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Zəngəzurda törədilən qətliamlar xüsusilə amansızlığı ilə seçilmişdir. Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, təkcə Bakıda minlərlə azərbaycanlı qətlə yetirilmiş, Şamaxıda onlarla kənd dağıdılmış, Quba qəzasında isə yüzlərlə yaşayış məntəqəsi məhv edilmişdir. Eyni zamanda, tarixi və mədəni abidələr, məscidlər dağıdılmışdır.

Ə.Babayev vurğulamışdır ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı faktlarına ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə ilk dəfə siyasi və hüquqi qiymət verilmişdir.

Tədbirdə həmçinin YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov, partiya fəalı Mətləb Bayramov, YAP Şərur rayon təşkilatının məsləhətçisi Nicat İbrahimov və başqaları çıxış etmişlər. Natiqlər bu faciələrin unudulmamasının, gələcək nəsillərə düzgün çatdırılmasının, dünya ictimaiyyətinə tanıdılmasının və milli birliyin qorunmasının vacibliyini qeyd etmişlər.

Digər xəbərlər