PDF Oxu

Siyasət

  • 1 214

İranda Tramp üçün ikinci Əfqanıstan “bataqlığı"...

image

Mətləb Salahov: "ABŞ hər gün sürətlə çıxılmaz müharibəyə sürüklənir"

"İndi ABŞ və İsrailin İranda apardıqları hərbi əməliyyatlar ilk günlərdə elan edilən məqsədlərdən çox-çox uzaq formada davam edir. Hələ müharibədən öncə qeyd etdiyimiz kimi, əgər müharibə planlaşdırılmayıbsa, real və aydın məqəsədlər yoxdursa, o zaman bölgə xaotik qanlı savaşa sürüklənəcək, üstəlik, idarəolunmaz müharibə ABŞ-nin özünü çıxılmaz vəziyyətə salacaq.

Bax, müharibədən öncə dilə gətirdiklərimiz indi reallaşır. ABŞ nə İranda rejim dəyişdirə bildi, nə İranın hərbi potensialı məhv edildi, nə də ən çox ümid etdikləri kimi İran daxilində xaos və iğtişaşlar reallaşdı. Bunların heç biri olmadı. Bunların tam əksinə, hazırda Vaşinqton İranda ciddi etibar, müharibəni aparmaq üçün hər gün milyard dollarlar və Trampın elan etdiyi "qarşısıalınmaz güc" mifini tamamilə itirməklə məşğuldur".
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırda ABŞ Administrasiyası ya müharibəni quru qoşunlarını cəlb etməklə davam etdirməli, ya da "sürüngəc müharibə" metoduna üstünlük verməklə nəyəsə nail olmağa çalışmalıdır: "Hazırda D.Tramp Administrasiyası İranda "İkinci Əfqanıstan bataqlığına" düçar olub. Belə görünür ki, müharibəni başladanlar onun gedişatı barədə kifayət qədər düşünməyiblər. Çünki hazırda ABŞ-ın dediyinin tam əksinə İran gözləndiyi kimi zəif təsir bağışlamır, hərbi ehtiyatları da tükənənə oxşamır. Həm də unutmaq olmaz ki, nə hazırkı İran 90-cı illərin İraqıdır, nə də dünya siyasəti o zamankı vəziyyətdədir. İranla quru qoşunları şəklində açıq müharibə isə ABŞ-ı daha da tükəndirəcək. İran müharibəsi həm ABŞ üçün hər gün milyardlarla dollara başa gəlir, üstəlik İsrailin hərbi resurslarında da artıq nəzərəçarpacaq dərəcədə itkilər hiss olunur. Bir sözlə, ABŞ hər gün sürətlə çıxılmaz müharibəyə sürüklənir".
Afət Tahirqızı

Digər xəbərlər