PDF Oxu

Siyasət

  • 519

“Demokratiya” adlı mifik sistemi - MƏQALƏ

image

Dünyada müşahidə olunan əsas tendensiya və rəqəmsal texnologiyaların fantastik inkişafını nəzərə alaraq, tərəddüdsüz və heç nədən çəkinmədən deyə bilərik ki, sistem xarakterli transformasiya prosesləri qaçılmazdır.

Virtual reallığın təsirindən dövlət və cəmiyyəti artıq heç bir “hasar” ilə qorunmaq mümkün deyil. “Virtual reallıq” fasiləsiz olaraq milli sistemlərə yad cisimləri infuziya edir. Rəqəmsallaşma kontekstində hətta onu da əlavə edə bilərik ki, “qloballaşma prosesi” ifadəsi artıq öz adekvatlığını itirib və real vəziyyəti əsla əks etdirmir. Müasir dünya artıq çoxdandır ki, nəhəng rəqəmsal “çadırın” altındadır. O nadir ölkələr ki, həmin qlobal proseslərdən kənar dayandıqlarını zənn edirlər, onlar sadəcə özlərini aldatmaq ilə məşğul olurlar. “Demokratiya” adlı mifik sistem gənc və müstəqil dövlətlərin “damarlarına” çoxdan qoşulub və yad cisimlərin infuziyası durmadan davam edir.

Təəccüblü deyil ki, ənənəvi dəyərlər sistemi dünyada tədricən təhrif olunur. Əslində yaşadığımız bir çox problemlərin əsl mənbəyi məhz dəyərlər sisteminin cılızlaşması və təhrif olunmasıdır. Yuxarıda bəhs etdiyimiz şərti “sistem” vasitəsilə yanlış stereotiplər, yanlış davranış modelləri və yanlış sosial-mədəni oriyentirlər siyasi-ictimai şüurumuza sözün hərfi mənasında yeridilir. Dünya ölkələrinin uğursuz təcrübəsindən bizə bəllidir ki, cəmi bir yanlış sosial-mədəni stereotipin konkret cəmiyyətdə yayılması nəticəsində nəinki humanitar inkişafın dayanması, hətta deqradasiya proseslərinin başlanması da istisna olunmur.

Qeyd olunanlar haqqında təkrar düşünməyimizə səbəb təsadüfən şahid olduğumuz kiçik, ancaq olduqca məzmunlu və rəmzi məna daşıyan bir hadisədir. Adi günlərin birində avtobusda işdən evə qayıdan zaman təqribən 5 və 6 yaşında olan iki uşaq arasında gedən söhbət: “Telefonu mənə ver, mən axı səndən hündürəm. Mən isə səndən güclüyəm, telefonu verməyəcəm”. Mövcud mənzərə ondan xəbər verir ki, hətta bu cür kiçik həyat təcrübəsinə malik olan uşaqların ictimai təfəkküründən zamanında fitri hesab olunan “ağıl” və “hörmət” kimi ənənəvi dəyərlər tədricən əhəmiyyətsizləşir. Əvəzində isə “güc” amili mütləq və mübahisəsiz prioritetə çevrilir.

Sözügedən mənzərə yuxarıda bəhs etdiyimiz prosesin acımasız fəsadlarından biridir. Bəli, müasir tendensiyaları nəzərə alaraq konkretləşdirmədən deyə bilərik ki, dövlətlər sosial-siyasi və mədəni oriyentirlərin istehsalı prosesində rəqəmsal texnologiyalara obyektiv olaraq uduzur və bu cür meyllilik artan dinamika ilə inkişaf edir. Odur ki, qaçılmaz hesab olunan bu prosesləri ən azından idarəolunan vəziyyətə salmaq üçün dövlət mütləq olaraq hadisələrin gedişatına müdaxilə etməlidir. Mövcud kontekstdə cari ilin 11 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsinin səbəbləri daha açıq şəkildə bizlərə aydın olur. Xatırladaq ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva təyin olunmuşdur. Sözügedən fakt isə öz növbəsində bilavasitə mövzunun əhəmiyyət və perspektivindən xəbər verir.

Bir anlıq təsəvvür edin ki, milli pul əsginaslarının çap olunması prosesinə nəzarəti dövlət cəmiyyətin öhdəsinə buraxacaqdır. Razılaşın ki, hətta bu nəzəri ehtimalın özü kifayət qədər absurd səslənir. Əlbəttə ki, bu baş verdiyi təqdirdə çox qısa zaman kəsiyində müxtəlif sahələrdə faciələr yaşanacaq və xaos qaçılmaz olacaqdır. Eyniliklə, sosial-mədəni və siyasi oriyentirlərin “istehsalı” prosesində də bütün psevdodemokratik şüarlara və qərəzli tənqidlərə rəğmən dövlət öz prioritetliyini qorumalıdır.

Bu cür təkzibolunmaz həqiqətləri nəzərə alaraq, kütləvi xarakterli sosial-siyasi və mədəni davranış modellərinin müəyyən olunması prosesinin taleyini mənəvi əyləclərdən məhrum olmuş sosial şəbəkələrin öhdəsinə buraxmaq gələcək nəsillər və milli-mədəni irsə qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirilə bilər. Doğrudur, həmin o avtobusdakı uşaqların əlindən telefonun alması da əsla optimal çıxış yolu deyil. Özünə siyasətçi deyən, əslində isə xain sifarişlərin icrası ilə məşğul olan manipulyatorların əlindən mövcud kontekstdə cinayət aləti olan telefonun alınmasını vətənşivənlər demokratiyaya edilmiş sui-qəsd adlandırarlar.

Əlbəttə, gələcək və milli maraqlar naminə dövlət bütün manipulyasiyalardan üstün durmalı və təhlükəli tendensiyaların qarşısını almaq üçün hətta populyar hesab olunmayan tədbirləri də mütləq görməlidir. Axı siyasi manipulyatorların davranışı həmin o avtobusdakı 5-6 yaşlı uşaqların şıltaqlığından daha təhlükəlidir. Odur ki, gözəl məmləkətimizin hər bir vətəndaşı sosial məsuliyyətin ümummilli keyfiyyətə çevrilməsi üçün çalışmalıdır. Əks halda cəmiyyət öz inkişafında ibtidai instinktlər dövrünə qayıda bilər və bunun dolayı səbəbi demokratiya haqqında yeridilən yanlış təsəvvürlər olacaqdır. İmkan vermək olmaz ki, “ağıl” və “hörmət” kimi ənənəvi dəyərlər milli-mədəni yaddaşımızdan silinsin.

Politoloq Asif Adil.

Digər xəbərlər