Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının “Heydər Əliyev prospekti 77” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib. İclasda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, ŞİH başçısının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Hüseynova, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov açaraq partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyası kimi böyük nüfuz qazanıb, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Təşkilatın sədri Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıb.
Tədbirdə eyni zamanda, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov ərazi partiya təşkilatının sədri Afət Mustafayevanı 50 illik yubileyi münasibətilə təbrik edib və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb.
Ərazi partiya təşkilatının sədri Afət Mustafayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib.
Sonda YAP Naftalan şəhər təşkilatı tərəfindən ərazi partiya təşkilatının sədri Afət Mustafayevaya gül buketi və hədiyyə təqdim olunub.