PDF Oxu

Siyasət

  • 618

Azərbaycan - Gürcüstan: regional sabitlik və inkişaf -TƏHLİL

image

Prezident İlham ƏLİYEV: “Bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”

Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu gün Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Əlbəttə, son illərdə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki dövlətin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradıb. Gürcüstan və Azərbaycan arasında mövcud olan əlaqələr hər iki dövlətin gücünü artırmaqla yanaşı, onların regional və beynəlxalq arenalarda daha möhkəm mövqelərdən çıxış etmələrinə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri əlaqələrin müsbət dinamika ilə inkişafina əsaslanır.

“Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək”. Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir”

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

“BİZİM TARİXİ ƏLAQƏLƏRİMİZ DÖVLƏTLƏRARASI ƏLAQƏLƏR ÜÇÜN MÖHKƏM ZƏMİNDİR”

Səfər cərcivəsində Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.

Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub. Dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Dövlətlər arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. “Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir”, - deyə Prezident gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayıb: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Bu münasibətlər tədricən siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığa çevrilib. Bu gün hər iki ölkənin maraqları təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də regional və qlobal layihələrdə birgə iştirakla daha da dərinləşir. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

“ORTA DƏHLİZ AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ƏRAZİSİNDƏN KEÇİR VƏ BU, BİZİM ÜÇÜN ƏSAS NƏQLİYYAT DAMARIDIR”

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələri önəmlidir. Prezident bldirdiyi kimi, bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eləcə də, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. Ölkələrimiz arasında birgə icra olunan layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün ölkələrimizi birləşdirən "Yaşıl enerji dəhlizi" layihəsidir. Burada da Azərbaycan və Gürcüstan Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər. Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq nünasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir.

“ƏMİNİK Kİ, GÜRCÜSTAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİ BUNDAN SONRA DA İNAMLA İNKİŞAF EDƏCƏK”

İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni reallıqda Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, diplomatik və iqtisadi təşəbbüslərlə regionun konturlarını yenidən formalaşdıran ölkəyə çevrildi. Azərbaycanın nəqliyyat və enerji layihələri artıq regional deyil, qlobal ölçüdə strateji əhəmiyyət daşıyır. Gürcüstan da bu sistemdə mühüm halqa kimi çıxış edir. Azərbaycan Prezidentinin vurguladığı kimi, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir”. Prezident əlavə edib ki, Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi: “Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”. Azərbaycan və Gürcüstanının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da məmnunluq doğurur. “Əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək”, - deyən dövlət başcımız bildirib: “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər