PDF Oxu

Siyasət

  • 2 177

"Qafqaz evi" siyasəti regiona sülh, təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah gətirə bilər - TƏHLİL

image

Xəbər verildiyi kimi, aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub. Görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Daha sonra Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış edib və qeyd edib ki, Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir: "Biz bu prosesdə Sizin şəxsi səylərinizi və iştirakınızı xüsusi dəyərləndiririk. Mən, həmçinin həmin münasibətlərin inkişafında xüsusi rol oynayan nümayəndə heyətinin üzvlərinə, hökumət üzvlərinə və səfirlərə təşəkkür edirəm.

Mən Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə Azərbaycanın verdiyi qəti dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və gələcəkdə də tərəfdarı qalacaq".

Azərbaycan-Ermənistan sülh prosesinin vacibliyinə toxunan Kobaxidze vurğulayıb ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır: "Qlobal geosiyasi dəyişikliklər, ümumiyyətlə, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır. Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq".

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. Dövlət başçısı qeyd edib ki, bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək".

Azərbaycan lideri ikii ölkənin münasibətlərinin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə edib: "Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.

Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər".

Gürcüstanın Azərbaycan-Ermənistan sülh prosesində oynadığı rola toxunan dövlət başçısı vuğrulayıb ki, biz gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir: "Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim.

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir".

Göründüyü kimi, hər iki dövlət başçısı ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasının təkcə bu ölkələrə deyil, bütün regiona müsbət təsir göstərdiyini vurğulayırlar. Həqiqətən də hər iki ölkə istər öz coğrafi mövqeyinə, istər iqtisadi-ticari potensialına görə regionda çox unikal ölkələrdir. Azərbaycanın Gürcüstana ehtiyacı var, Gürcüstanın da Azərbaycana. Bizim Türkiyəyə və Avropaya gedən nəqıliyyat və enerji xətlərimiz Gürcüstan üzərindən keçir. Gürcüstan da Azərbaycan vasitəsilə Orta Asiya ölkələrinə və İrana rahat çıxış əldə edir. Bundan başqa, qarşılıqlı investisiyalar, turizm əməkdaşlığı və sair sahələrdə də əməkdaşlıq artır.

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda yeni aura yaradır və Ermənistan da bu "Qafqaz evi"ndən kənarda qalmaq istəmir. Qafqazda 3 dövlətin qarşılıqlı əməkdaşlığı regionda sülh və təhlükəsizliyin təmin olunmasından tutmuş, sosial, mədəni, iqtisadi sahələrdə inkişafadək çox geniş sahələri əhatə edə bilər. Ən əsası, kənar oyunçuların regonumuza təsirini minimuma endirər.

Cənubi Qafqazın çox unikal potensialı var- bu zona həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir. Eyni zamanda, iqtisadi sahələrdə və qarşılıqlı ticarətdə çox böyük potensial yaranır.

Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasəti yürüdür və bunu həm Gürcüstanda, həm Ermənistanda müsbət qəbul edirlər. Əgər ölkələr arasında problemlər həll edilsə və əməkdaşlıq artırılsa bu region böyük inkişaf mərhələsinə qədəm qoya bilər və bu da hər 3 ölkə əhalisinin sosial rifahının daha da yüksəlməsinə gətirib çıxarar.

Elçin Bayramlı

Digər xəbərlər