Zəfər şəhidi Qalib Əkbərzadənin 24 yaşı tamam oldu
44 gün Vətən müharibəsinin zəfərlə başa çatması uğrunda canını fəda edən qəhrəman oğullardan biri də içində azadlığa qovuşduran igidlərdən bir də Qalib Əbdüləhəd oğlu Əkbərzadədir. Qalib Əkbərzadə 2002-ci il aprelin 6-da Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 2008-2019-cu illərdə Lənkəran rayon Kərgəlan kənd tam orta məktəbində təhsil alan Qalib dərslərini yaxşı oxumaqla bərabər, idmana da maraq göstərib. O, Lənkəran rayonunda yerləşən "Zirvə" idman klubunda ağır atletika ilə məşğul olub.
Q. Əkbərzadə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalib Əkbərzadə sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı şəhid olub.
Şəhidimizin anası Aidə xanımın dedikləri: "Oğlumu səkkiz ildən sonra tapmışdım. Çox gözlədim onun yolunu, gec gəldi, tez getdi. İki bacının bir qardaşı idi Qalib. Böyük bacısı Aygün on birinci sinfi bitirəndə o, birinci sinfi bitirdi. Evdə ürəyimiz onunla döyünürdü. Aralarında böyük yaş fərqi olduğu üçün bacıları Fidan və Aygün ona xüsusi qayğı göstərdilər. Tez böyüdü balam, 5 ayın əsgəri olanda müharibə başlandı. Hərbi xidmətini bitirib özünə parlaq həyat qurmaq istəyirdi. Saf arzularına qovuşa bilmədi. Bir evin 18 yaşlı madar balası indi bütün Azərbaycanın fəxridir. Mən Qalibin adını eşidəndə qürur duyuram. Ana ürəyidir, odlanır. Oğlum müharibə meydanında göstərdiyi qəhrəmanlığına görə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Həmin medallara baxanda oğlum gəlib gözlərimin qarşısında durur. Xəyalımda qurduğum ilahi bir sevginin qanadlarında oğlumun işığına doğru yol alıram. Gecələr yuxuma gələndə Qaliblə özümü dünyanın ən xoşbəxt anası sayıram və deyirəm: "Sağ ol, əziz balam. Torpağı Vətən etməklə bütün elə şərəf gətirdin. Südüm sənə halal olsun!"
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü