Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasındakı münasibətlərin strateji və iqtisadi tərəflərini açıq şəkildə nümayiş etdirir. Dövlət başçısı səfərinin ikitərəfli əlaqələrə yeni təkan verəcəyinə əmin olduğunu qeyd edərək, tarixi dostluq ənənələrinin müasir iqtisadi əməkdaşlıq zəmində davam etdiyini vurğulayıb. Gürcüstanın dinamik iqtisadi inkişafı və əlverişli sərmayə mühiti Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Cənab Prezidentin sözlərinə görə, Gürcüstanın sabit siyasi mühiti ölkəyə sərmayə cəlb etmək üçün əsas amildir və məhz buna görə Azərbaycan investorları bu ölkəyə ciddi maraq göstərirlər. Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub, ticarət dövriyyəsi isə 2025-ci ildə 800 milyon dollardan artıq olub. İlkin rübdəki göstəricilər 2026-cı ilin sonunda bu rəqəmin bir milyard dollara çatacağını göstərir. İqtisadi əməkdaşlıq yalnız iki ölkənin maraqlarını deyil, Cənubi Qafqazda regional sabitliyi və inkişafı da gücləndirir.Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan–Ermənistan sülh prosesində iqtisadi əməkdaşlıq əsas vasitədir və Gürcüstanın tranzit rolu bu prosesin möhkəmlənməsinə xidmət edir. Ticarət əlaqələrinin Gürcüstan vasitəsilə həyata keçirilməsi region ölkələri arasında inteqrasiyanın önəmli elementidir. Enerji və nəqliyyat sahələrində əməkdaşlıq isə strateji əhəmiyyət daşıyır. Azərbaycan qazının 16 ölkəyə ixracı və bu ixracın Gürcüstandan başlaması ölkənin regional enerji təhlükəsizliyindəki rolunu aydın göstərir. Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi 20 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir və geniş coğrafiyanın enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, Orta Dəhliz çərçivəsində inşa olunan nəqliyyat dəhlizləri Azərbaycan və Gürcüstanı Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərinə çevirir, regionun logistika potensialını artırır. Azərbaycan və Gürcüstan arasındakı iqtisadi əməkdaşlıq modeli həm iki ölkə üçün, həm də region üçün nümunəvidir. Qarşılıqlı hörmət, ortaq maraqlar və iqtisadi fayda üzərində qurulmuş bu tərəfdaşlıq Cənubi Qafqazın sabitlik və inkişaf məkanına çevrilməsinə ciddi töhfə verir. Yeni layihələr, birgə investisiya təşəbbüsləri və davamlı iqtisadi dialoq gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Bu əməkdaşlıq Cənubi Qafqaz üçün yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət kəsb edir. Azərbaycan–Gürcüstan iqtisadi əlaqələri regionun sülh və sabitliyinin qorunması, qarşılıqlı inam və faydanın təmin olunması baxımından vacib bir model olaraq qalır.
Tahir Mirkişili
Milli Məclisin deputatı