PDF Oxu

Siyasət

  • 1 112

Azərbaycan-Gürcüstan: mühüm strateji tərəfdaş

image

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsi istiqamətində böyük səylər göstərir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib. Eləcə də, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu da vurğulanıb.
Dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə də qarşılıqlı-faydalı müzakirlər aparılıb. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı vurğulayıb: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”. Dövlətimizin başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da inamla inkişaf edəcəyinə əminliyini ifadə edib. Cənab Prezident, həmçinin Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqda olduğunu və regionun artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrildiyini diqqətə çatdırıb.
Baş naziri İrakl Kobaxidze isə Prezident İlham Əliyevi Gürcüstanın dəyərli dostu adlandırıb. “Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur. Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə inkişaf edir”, - deyə Baş nazir vurğulayıb.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Hər iki ölkə daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar.
Deputat ölkələrimiz arasında humanitar və mədəni sahələrdə də geniş əməkdaşlıq mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 6-da Gürcüstan Milli Muzeyini ziyarət etməsi və onun fəaliyyəti ilə yaxından tanış olması mədəni-humanitar sahədə əməkdaşlığımızın göstəricisidir. Mehriban xanım Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə də tanış olub. Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.
“Bütövlükdə, Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil, dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir”,-deyə millət vəkili vurğulayıb.

Digər xəbərlər