Azərbaycan və Gürcüstan uzun illərdir ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın əsas təminatçılarından biri kimi çıxış edirlər. Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini bir daha nümayiş etdirdi. Səfər zamanı keçirilən görüşlərdə regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə olunmuşdur. Bu səfər həmçinin regionda yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan tandeminin rolunu daha da gücləndirdi. Xüsusilə nəqliyyat və logistika dəhlizlərinin inkişafı baxımından tərəflərin ortaq maraqları bir daha təsdiqləndi. Gürcüstanın Azərbaycan üçün Qərbə açılan əsas qapı olması, Azərbaycanın isə Gürcüstan üçün etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi bu əməkdaşlığın strateji mahiyyətini artırır. Azərbaycanın həyata keçirdiyi iri enerji layihələri – neft və qaz kəmərləri – Gürcüstan üzərindən keçərək Avropa bazarına çıxır. Bu baxımdan Gürcüstan Azərbaycanın enerji strategiyasında mühüm tranzit ölkədir. Eyni zamanda, nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr regionun iqtisadi inteqrasiyasına ciddi töhfə verir.
Səfərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olmuşdur. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri ön planda olmuşdur. Xüsusilə enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün prioritet istiqamət olaraq qalır. Dövlət başçımızın mətbuata verdiyi bəyanat, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Cənab Prezidentin çıxışında vurğulanan əsas məqamlardan biri Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətləridir. Bu tarixi irs bu gün dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. Müasir dövrdə bu münasibətlər artıq sadəcə mehriban qonşuluq çərçivəsini aşaraq, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu model region üçün nümunəvi əməkdaşlıq formatıdır.
Prezident İlham Əliyevin Gürcüstana səfəri və mətbuat bəyanatında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız mövcud uğurlarla məhdudlaşmır, həm də gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. İkitərəfli əməkdaşlığın geniş gündəliyi, yeni təşəbbüslər və regional proseslərdə fəal iştirak bu tərəfdaşlığın davamlı və çoxşaxəli inkişafını təmin edir.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini