Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Cənubi Qafqaz regionunda siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. Görüşlərdə əsas diqqət ərazi bütövlüyü və suverenliyə dəstək, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitliyin təmin olunmasına yönəldi. Aydındır ki, Bakı ilə Tbilisinin birgə reallaşdırdığı layihələr, enerji ixracı və tranzit imkanları regionun iqtisadi xəritəsində mühüm rol oynayır.
Görüşlər zamanı tərəflər Orta Dəhliz, həmçinin Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin inkişaf perspektivlərini müzakirə etdilər, həmçinin yeni iqtisadi əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər. Təsadüfi deyil ki, Azərbaycan və Gürcüstan Orta Dəhliz çərçivəsində əsas tranzit ölkələr kimi çıxış edir. Azərbaycanın Xəzər dənizi üzərindən Orta Asiya ilə əlaqələri, Gürcüstanın isə Qara dənizə çıxışı bu marşrutun əhəmiyyətini artırır. Cənab Prezident Tbilisidə bəyan etdi ki, “Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.
Prezident İlham Əliyevin səfər çərçivəsində verdiyi bəyanatlar iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Dövlət başçımız çıxışlarında Azərbaycanla Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin regionda sabitlik və inkişaf üçün əsas amillərdən biri olduğunu vurğuladı.
Cənubi Qafqazda tamamilə yeni vəziyyətin yarandığı bir vaxtda region ölkələrinin mövcud imkanları dəyərləndirməsi vacibdir. Cənab Prezidentin də söylədiyi kimi, “bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir”. Rəsmi Bakı bu prosesdə qonşu Gürcüstanın rolunu xüsusi qiymətləndirir. Gürcüstan tərəfi də öz növbəsində Azərbaycanı region üçün əhəmiyyətli tərəfdaş kimi qiymətləndirir, birgə layihələrin davam etdirilməsini vacib hesab edir.
Bir sözlə, Tbilisidə aparılan yüksək səviyyəli müzakirələr də göstərdi ki, ikitərəfli gündəlik çox genişdir. Bu səfər münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi.
Nigar Məmmədova
Milli Məclisin deputatı