PDF Oxu

Siyasət

  • 1 368

Azərbaycan–Gürcüstan münasibətləri: təhlükəsizlik, enerji və nəqliyyat sahəsində birgə təşəbbüslər

image

Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm önəm kəsb edir. Azərbaycan-Gürcüstan münasibətləri tarixən dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu ənənələr hazırda davam etdirilir.Gürcüstanda mövcud olan əlverişli sərmayə iqlimi, siyasi sabitlik və güclü idarəetmə modeli həm yerli, həm də xarici investorlar, o cümlədən Azərbaycan investorları üçün cəlbedici şərait yaradır. Ötən il Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 800 milyon dolları ötüb və bu ilin ilk rübündə də əhəmiyyətli artım müşahidə olunub. Hazırkı inkişaf tempinə əsasən, ilin sonuna qədər həmin göstəricinin bir milyard dollara çatacağı gözlənilir. Azərbaycan tərəfi bu dost ölkənin iqtisadiyyatına indiyədək 3,7 milyard dollar sərmayə yatırıb və gələcəkdə yeni birgə layihələr üçün əməkdaşlıq perspektivləri diqqət mərkəzində olacaqdır.Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Bu amillər regionda beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsiplər hər iki tərəf üçün dəyişməz mövqe olaraq qalır. Bu yanaşma, eyni zamanda regional sabitliyin qorunmasına da töhfə verir.Səfər çərçivəsində dövlətimizin başçısı Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara da toxunub. Azərbaycan və Gürcüstanın birgə təşəbbüsləri regional inteqrasiyanı təşviq edir və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Bu yanaşma qonşu ölkələr üçün nümunəvi model yaradır. Yeni layihələr və qarşılıqlı əməkdaşlıq təşəbbüsləri tərəflər arasında etimadı gücləndirir və uzunmüddətli inkişaf perspektivləri üçün möhkəm zəmin formalaşdırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir”.

Dövlətimiz uzun illər regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu ixracın əsas hissəsi Gürcüstan vasitəsilə həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq 20 ildir ki, uğurla fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi isə regional enerji layihələri üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Azərbaycan və Gürcüstandan keçən Orta Dəhliz nəqliyyat üçün əsas marşrut olaraq fəaliyyət göstərir və bu dəhlizin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bu strateji əməkdaşlıq həm də bölgədə davamlı sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir. Hər iki tərəf sülhün möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə təşəbbüsləri dəstəkləyir. Bu yanaşma yalnız ikitərəfli əlaqələri möhkəmləndirmir, eyni zamanda Cənubi Qafqazda təhlükəsiz və səmərəli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Eyni zamanda, Azərbaycan və Gürcüstan mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirir. Təcrübə mübadiləsi, gənclərin təhsil imkanlarının artırılması və mədəni layihələrin həyata keçirilməsi xalqlar arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. Bu baxımdan, strateji əməkdaşlıq yalnız siyasi-iqtisadi sahələri deyil, həm də sosial və mədəni əlaqələri əhatə edir.
Azərbaycan və Gürcüstanın ikitərəfli gündəliyi genişdir və zaman keçdikcə daha da zənginləşir. Yeni layihələr, yeni təşəbbüslər və qarşılıqlı səylər nəticəsində əməkdaşlıq daha da dərinləşir. İki dövlətin münasibətləri qarşılıqlı etimad, inam, ortaq maraqlar və dostluq üzərində qurulub, bu amillər bütün qonşular üçün nümunə təşkil edir. Prezident İlham Əliyev əminliyini ifadə edib ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.

Asif Əsgərov
Milli Məclisin deputatı

Digər xəbərlər