Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıblar. Bu münasibətlər yalnız coğrafi yaxınlıqla məhdudlaşmır – ortaq tarix, mədəni irs, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq onları bir-birinə sıx bağlayır. Son illərdə bu əlaqələr daha da dərinləşib: enerji, nəqliyyat, “yaşıl enerji” və iqtisadi əməkdaşlıq sahələrində uğurlu layihələr həyata keçirilir. Azərbaycan investorlarının Gürcüstan iqtisadiyyatına yatırdığı milyardlarla dollar həcmində sərmayə, ticarət dövriyyəsinin artması və regionun inkişafına verdiyi töhfələr bu dostluğun praktiki nəticəsidir. Bu münasibətlər Cənubi Qafqazda əməkdaşlığın əsl modelinə çevrilib və qonşuluq siyasətinin gözəl nümunəsini təqdim edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.
Nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. Bakı–Tbilisi–Qars dəmir yolu xətti Avrasiya məkanında alternativ nəqliyyat marşrutlarının formalaşmasına şərait yaratmış, Şərq–Qərb nəqliyyat dəhlizinin səmərəliliyini artırmışdır. Bu layihə regional iqtisadi inteqrasiyanın dərinləşməsi, ticarət dövriyyəsinin genişlənməsi və logistika imkanlarının inkişafı baxımından mühüm rol oynayır.
İqtisadi əməkdaşlıq iki ölkə münasibətlərinin ən konkret və ölçülə bilən tərəfidir. Ticarət dövriyyəsinin davamlı artması və qarşılıqlı investisiyaların genişlənməsi tərəflər arasındakı etimadın real nəticələrini əks etdirir. Azərbaycan investisiyaları yalnız iqtisadi maraq deyil, həm də strateji tərəfdaşlıq niyyətini əks etdirir. Gürcüstanda həyata keçirilən layihələr ölkənin iqtisadi inkişafına töhfə verərək həm də ümumi rifahın yüksəlməsinə xidmət edir.
Heç şübhəsiz ki, Prezidentimizin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Müzakirə olunan məsələlər bir daha onu göstərdi ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Tarixi əlaqələrimiz dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir.
Müasir beynəlxalq müstəvidə Azərbaycan və Gürcüstan bir-birinə dayaq olan tərəfdaşlar kimi çıxış edir. Hər iki ölkə suverenlik və ərazi bütövlüyü məsələlərində prinsipial mövqe nümayiş etdirir, qarşılıqlı dəstək göstərir ki, bu da regionda sabitliyin qorunmasında əsas amil hesab olunur. Gürcüstanın siyasi sabitliyi və davamlı inkişafı Azərbaycan tərəfindən yüksək qiymətləndirilir, bu nailiyyətlər isə dost ölkənin uğurları kimi qəbul olunur.
Beləliklə, Prezidentin Gürcüstana səfəri və səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan regionda güclü iqtisadi potensiala, strateji baxışa və etibarlı tərəfdaşlıq siyasətinə malik ölkədir. Bu isə həm ölkənin daxili inkişafını, həm də beynəlxalq nüfuzunu daha da artırır.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi