PDF Oxu

Siyasət

  • 894

Cənubi Qafqazda geosiyasi reallıqlar - ŞƏRH

image

Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana həyata keçirdiyi səfər və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər Cənubi Qafqaz regionunda müşahidə olunan yeni siyasi, iqtisadi və geostrateji dinamikanın təhlili baxımından olduqca əhəmiyyətlidir. Bu səfər sadəcə diplomatik münasibətlərin davamı kimi deyil, eyni zamanda regionda formalaşmaqda olan yeni əməkdaşlıq modelinin və dəyişən güc balansının praktiki ifadəsi kimi dəyərləndirilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər postsovet məkanında ən sabit və davamlı tərəfdaşlıqlardan biri kimi seçilir. Prezidentin Gürcüstanı “qardaş ölkə” kimi xarakterizə etməsi bu münasibətlərin formal diplomatik çərçivəni aşaraq daha dərin siyasi və strateji mahiyyət daşıdığını göstərir. Bu münasibətlərin əsasında qarşılıqlı etimad, suverenliyə hörmət və ortaq maraqlar dayanır. Məhz bu faktorlar iki ölkənin uzun illər ərzində regional və beynəlxalq səviyyədə koordinasiyalı şəkildə fəaliyyət göstərməsinə imkan yaratmışdır.

Tarixi və praktiki kontekstdə baxdıqda, Azərbaycan-Gürcüstan əməkdaşlığı xüsusilə enerji və nəqliyyat sahələrində özünü daha aydın göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri layihələr yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan regionun əhəmiyyətini artırmışdır. Bu layihələr vasitəsilə Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxarır, Gürcüstan isə strateji tranzit ölkə kimi öz mövqeyini möhkəmləndirir. Bu qarşılıqlı asılılıq modeli tərəfdaşlığın davamlılığını təmin edən əsas mexanizmlərdən biridir.

Prezident İlham Əliyevin “Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır” fikri isə xüsusi bir diqqət tələb edir. Bu fikir regionda yeni dövrün və reallıqların formalaşmasını və əməkdaşlıq əsaslı inkişaf modelinə keçidi ifadə edir. Əgər əvvəlki mərhələdə region daha çox münaqişə, qeyri-sabitlik və geosiyasi rəqabətlə xarakterizə olunurdusa, hazırda iqtisadi inteqrasiya, kommunikasiya xətlərinin açılması və regional layihələrin genişlənməsi kimi amillər ön plana çıxır.

Bu yeni vəziyyət eyni zamanda region ölkələri üçün həm imkanlar, həm də məsuliyyətlər yaradır. İmkanlar ondan ibarətdir ki, ölkələr artıq daha geniş iqtisadi əməkdaşlıq platformalarında iştirak edə, nəqliyyat-logistika potensialını inkişaf etdirə və beynəlxalq bazarlara inteqrasiyanı sürətləndirə bilərlər. Xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan və Gürcüstanın rolu getdikcə artır. Bu dəhliz Asiya ilə Avropa arasında alternativ və daha səmərəli nəqliyyat marşrutu kimi böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən, bu proses müəyyən çağırışları da özündə ehtiva edir. Regional sabitliyin qorunması, siyasi balansın saxlanılması və müxtəlif maraqların uzlaşdırılması bu yeni mərhələnin uğuru üçün əsas şərtlərdəndir. Azərbaycan və Gürcüstan arasında mövcud olan qarşılıqlı etimad və strateji tərəfdaşlıq bu çağırışların effektiv şəkildə idarə olunmasına imkan verəcəkdir.

Gələcək perspektivlərə nəzər saldıqda, əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf edəcəyi gözlənilir. Xüsusilə “yaşıl enerji”, rəqəmsal texnologiyalar, alternativ nəqliyyat infrastrukturu və ticarət əlaqələrinin genişləndirilməsi sahələri ön plana çıxır. Bu istiqamətlərdə atılacaq addımlar Azərbaycan-Gürcüstan münasibətlərini daha da möhkəmləndirəcək və regionun ümumi inkişafına müsbət təsir göstərəcək.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər