6 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Gürcüstan Respublikasına rəsmi səfər ediblər. Səfər zamanı Tbilisidə Qəhrəmanlar Memorialı və Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili təkbətək görüşmüşdür. Görüş zamanı hər iki ölkənin dostluq və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb. Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir. Bu gün iki dövlət arasında siyasi-iqtisadi, yaşıl enerji, nəqliyyat, energetika və digər sahələr uğurla inkişaf etdirilir. Daha sonra isə cənab Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze təkbətək görüşmüş və görüşdən sonra isə mətbuata birgə bəyanatlarla çıxış etmişlər.
Artıq Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir.
Azərbaycan–Gürcüstan əlaqələrinin əsas istiqamətlərindən biri enerji sahəsidir. Bu sahədə həyata keçirilən birgə layihələr regionun enerji xəritəsini dəyişdirmiş və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. SOCAR-ın Gürcüstandakı fəaliyyəti, həmçinin Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi layihələr iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas sütunlarını təşkil edir. Bu layihələr yalnız iqtisadi gəlir gətirməklə kifayətlənmir, həm də regionda enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji tərəfdaşlığın mühüm komponentlərindən biridir. Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirən mühüm tranzit dəhlizlərindən biri kimi çıxış edir. Bu layihə sayəsində regionun tranzit potensialı artmış, beynəlxalq ticarət əlaqələri genişlənmişdir. Eyni zamanda, bu dəhliz Orta Dəhlizin inkişafına mühüm töhfə verir.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər artıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin Gürcüstana səfəri bu münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləmiş, gələcək əməkdaşlıq üçün yeni imkanlar açmışdır. İki ölkə arasında mövcud olan bu güclü tərəfdaşlıq yalnız regional deyil, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir və gələcəkdə daha da dərinləşəcəyi şübhə doğurmur.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini