PDF Oxu

Siyasət

  • 653

Səbaildə ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qələbələr partiyası olan YAP-ın zəngin tarixindən, ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan, qarşıda duran əsas vəzifələrdən bəhs edib. Bildirib ki, ərazi partiya təşkilatlarının fəaliyyətində operativlik, təşəbbüskarlıq və intizam əsas prioritetlərdəndir. Verilmiş tapşırıqların vaxtında və düzgün icrası isə hər zaman əsas tələb kimi qarşıya qoyulur.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov partiyanın VII Qurultayından ötən dövr ərzində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. O, YAP Səbail rayon təşkilatının ötən dövr ərzində fəaliyyətinin müsbət qiymətləndirildiyini qeyd edərək, ərazi partiya təşkilatları ilə yerli təşkilatın aparatı arasında əlaqələrin gücləndirilməsinin daim diqqət mərkəzində saxlanılmasının, partiya işində gənclərin fəaliyyətinin genişləndirilməsinin və onlarla müntəzəm işin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə “Parlament prospekti 1” ünvanı ərazi partiya təşkilatının sədri Adil Vəliyev və “İstiqlaliyyət küçəsi 6” ünvanı ərazi partiya təşkilatının sədri Şaiq Əsgərov çıxış edərək keçirilən tədbirlər, üzvlər arasında fəallığın artırılması istiqamətində görülən işlər və perspektiv planlardan danışıblar.

Sonra YAP Səbail rayon təşkilatının məsləhətçiləri Lamiyə Hacızadə və Sübhan Ərəbi hesabat məruzələri ilə çıxış edərək qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

Görüşdə müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qarşıda duran vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda bir qrup partiya fəalına təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər